İyulun 27-də Şəhidimiz Fərzullazadə Mehdi Zaman oğlu doğum günündə anıldı.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, YAP Suraxanı rayon təşkilatının sədri, RİHBA-nın şöbə müdirləri Şəhidin doğum günü münasibətilə onun xatirəsini məzarı önündə ehtiramla yad edərək, ailəsinə baş çəkmişlər.
RİH başçısı Əziz Əzizov Vətənimizin bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən nur üzlü şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr diləyərək onların qayğıları ilə maraqlanmış, Şəhidimizin bizlərə əmanət qoyub getdiyi doğmalarının bundan sonra da hər zaman diqqət və qayğı ilə əhatə olunacağını bildirmişdir.
Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşan Mehdi Fərzullazadə 8 noyabr 2020-ci il tarixində Xocavənd rayonunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən Şəhidlik zirvəsinə ucaldı.
Qeyd edək ki, o, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, Xocavəndin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.