Şəhidimiz Kazımlı Mürsəl Kamil oğlu da doğum günündə anıldı
Suraxanı rayonunda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması artıq ənənə halını almışdır.
İyulun 23-də Şəhidimiz Kazımlı Mürsəl Kamil oğlu da doğum günündə anıldı. Suraxanı Rayon İcra Hakimiyyətinin müavinləri, YAP Suraxanı rayon təşkilatının sədri, RİHBA-nın şöbə müdirləri, Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Şəhidin doğum günü münasibətilə onun xatirəsini məzarı önündə ehtiramla yad edərək, ailəsinə baş çəkmişlər. Ailəyə ərzaq yardımı göstərərək Vətənimizin bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən nur üzlü şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr diləyiblər.
İnanırıq ki, bu gün Şəhidlərimizin ruhu şaddır. Çünki məhz belə vətənpərvər gənclərimizin canı-qanı bahasına bu gün Qarabağımız azaddır.
Qeyd edək ki, Füzuli rayonun azad olunması uğurunda gedən döyüşlərdə həlak olan Şəhidimiz Mürsəl Kazımlı ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.