Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Beynəlxalq Müəllim günü təntənəli qeyd edildi

02 oktyabr 2014 | 15:00

     Öncəki  illərdə  olduğu  kimi,  Suraxanı  rayonunda Beynəlxalq Müəllim  günü münasibəti  ilə  geniş  tədbir  keçirilmişdir. Rayon  ərazisində  yerləşən  təhsil  müəssisələrində   çalışan  təhsil  işçilərinin  bir  qrupunun  qatıldığı  tədbirdə  ali məktəblərə  qəbul  imtahanında  yüksək  nəticə  göstərən  rayon  məzunları  da  iştirak  ediblər.
     Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək önünə tər güllər qoymuşlar. Sonra  Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında Beynəlxalq Müəllim  günü münasibəti  ilə  tədbir keçirilmişdir.
     Tədbiri  giriş  sözü  ilə  açan  Rayon  İcra  Hakimiyyətinin  başçısı  İlqar  Abbasov   bildirmişdir  ki,  Azərbaycan  xalqının  milli  təfəkküründə  müəllim  adı  hər  zaman  ucalıq,   ziyalılıq  və  mənəvi  saflıq  rəmzi  kimi  təcəssüm  olunub,  böyük  hörmətlə,  yüksək   ehtiramla  çəkilib. Sosial  statusundan,  tutduğu  vəzifədən  asılı  olmayaraq,  bu  gün  hər  bir  azərbaycanlı  cəmiyyətdəki  mövqeyinə,  qazandığı   biliklərə,   ümumən,  bir  şəxsiyyət  kimi  formalaşmasına  görə  özünü  məhz  müəllimlərinə   borclu  sayır. Ölkəmizdə  bütün  sahələrdə  olduğu  kimi,  son  illər  ərzində  təhsil  sahəsində  də  çox  ciddi  irəliləyişlər,  nəzərə  çarpacaq  uğurlar  əldə  edilib.  Bu  uğurlar  hər  birimizi  sevindirir  və  fərəhləndirir.
    Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təhsilimiz üçün mühüm həyati əhəmiyyət daşıyan və onun gələcəyini müəyyən edən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq olunub.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli əmri ilə “Müəllimlərin etik davranış qaydaları” təsdiq olunub. “Qaydalar”da hər bir müəllimin işə ilk dəfə qəbul olunarkən içməli olduğu “Müəllim andı” təsbit olunub.
     Dövlət başçısının  hər  il  beynəlxalq  müəllim  günü  ərəfəsində  onlarla  müəllimi  fəxri  ada,  dövlət  təltiflərinə  layiq  görməsi  onun  təhsil  və  elm  sahəsində  çalışan  çoxsaylı  ziyalılara  yüksək  rəğbət  və  etimadını  nümayiş  etdirir.
Rayon  rəhbəri  öz  çıxışında  Azərbaycanın  milli-mənəvi  dəyərlərinin  qorunmasında,  elmin,  təhsilin,  mədəniyyətin  və  incəsənətin  inkişafında,  dünya  miqyasında  tanınmasında  Heydər  Əliyev  Fondunun   Prezidenti,  YUNESKO  və  İSESKO-nun  Xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı Mehriban  xanım  Əliyevanın  dəyərli  fəaliyyətini  xüsusi  vurğulamışdır.
 Rayon rəhbəri qeyd etmişdir ki, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Prezidentinin sərəncamları, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramları, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” və digər irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə yönəldilmişdir.
İlqar Abbasov vurğulamışdır ki, bu işlər Suraxanı rayonundan da yan keçməyib. Məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində bir çox işlər görülüb. O cümlədən, 1920-ci ildə inşa edilmiş 84 nömrəli məktəbin binası sökülüb və yerində ən müasir standartlara cavab verən 1224 şagird yerlik bina tikilib.
Çox qürur verici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 13 sentyabr 2014-cü il tarixdə rayonumuzu şərəfləndirərək Əmircan qəsəbəsindəki 84 nömrəli məktəbin yeni inşa edilmiş binasının açılış mərasimində iştirak etmiş, məktəbin rəmzi açılışını bildirən lenti kəsmiş və məktəbdə yaradılmış şəraitlə tanış olmuşdur.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova Suraxanı rayonunda məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülmüş işlər, 2013-2014-cü tədris ilində rayonun təhsil işçilərinin qazandığı uğurlardan danışdı. Qeyd etdi ki, 84 nömrəli məktəbdən əlavə 2014-cü ildə eyni zamanda 87, 118, 140, 282 nömrəli məktəblər əsaslı təmir olunub, 104, 118, 146 nömrəli məktəblər üçün əlavə korpus tikilib.
    Şagirdlərin uğurlarından danışaraq bildirib ki, Bakı məktəblərinin 28 nəfər məzunu qızıl, 1 nəfəri isə gümüş medala layiq görülüb. Onlardan 5-i  Suraxanı rayonunun məktəblərinin məzunudur.
    Suraxanı rayonu üzrə 2013-2014-cü tədris ilində 1847 nəfər tam orta təhsil haqqında attestat almış, onlardan 1558 nəfəri ali məktəblərə sənəd vermiş və 983 nəfəri, yəni imtahanda iştirak edənlərin 63 faizi tələbə adını qazanmışdır.
   Abituriyentlərdən 49 nəfəri 600-dən yuxarı bal toplamışdır. 650-dən yuxarı bal toplayan abituriyentimiz  20 nəfərdir.
    275 nömrəli məktəbin 9 məzunu, 278 nömrəli məktəbin 8 məzunu, Xarici Dillər Təmayüllü Gimnaziyanın 7 məzunu 600-dən yuxarı bal toplamışdır.
    Xarici Dillər Təmayüllü Gimnaziyanın  2013-2014-cü tədris ilində 67 məzunu olmuş, onlardan 64 nəfəri ali məktəbə qəbul olunmaq üçün sənəd vermiş və 53  nəfəri qəbul olunmuşdur. Bu da rayon üzrə ən yüksək nəticədir. Yəni məzunların 79 faizi müsbət nəticə göstərmişdir.
    Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq sərəncamına əsasən “Sağlam təhsil – sağlam millət” layihəsinə Bakı şəhəri üzrə qoşulan 4 məktəbdən biri Suraxanı rayonu 114 nömrəli tam orta məktəbdir. Məktəb bu layihəyə 2014-2015-ci tədris ilindən başlamışdır.
     Ötən tədris ilində şagirdlərlə bağlı görülən tədbirlərdən biri də Azərbaycan xalqının  Ümummilli Lideri Heydər Əliyevin irsinin öyrənilməsi məqsədi ilə onların Heydər Əliyev mərkəzlərinə seminarlara cəlb olunmasıdır.
    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində və YAP Suraxanı rayon təşkilatının Heydər Əliyev lektoriya zalında ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinə cari ilin fevral-may aylarında dərslər tədris olunmuşdur.
    Mərkəzdə eynu zamanda Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2013-2014-cü tədris ilinin sonuna qədər Heydər Əliyev Mərkəzində ayda bir dəfə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda açıq dərslər keçirilmişdir. Bu dərslərdə rayonun 9-11-ci sinif şagirdləri iştirak etmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi ərəfəsində keçirilən açıq dərslərə yekun vurulmuş, fərqlənən müəllimlər və şagirdlər mükafatlandırılmışlar.
    Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi Pənah Süleymanov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Məmmədəli Abbasov, 275 nömrəli məktəbin direktoru Elmira İsmayılova, rayon üzrə TQDK-nın keçirtdiyi test imtahanlarında ən yüksək bal toplayan Gülşən Hacıbalayeva, Səidə Balayeva, Fərid Mahmudov təhsilə göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə öz dərin təşəkkürlərini bildirmişlər.
    Müəllim    günü    münasibəti   ilə  təhsilin inkişafında xidmətlərinə görə bir qrup şəxs və  ali məktəblərə qəbul  imtahanlarında yüksək    nəticə      göstərən  məzunlar  Rayon İcra Hakimiyyəti başçısının  Fəxri Fərmanı ilə təltif edildilər, onlara qiymətli hədiyələr verildi.
    Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Suraxanı rayon komitəsinin sədri Arif Xəlilov bir qrup müəllimi Fəxri Fərmanla təltif etdi və pul mükafatı verdi.
   Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbiri Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin təhsil haqqında dediyi  sözlərlə yekunlaşdırdı:
    “Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır”.
    Sonda şagirdlərin ifasında bədii hissə göstərildi.

Keçidlər