Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Muxtar Qasımlının xatirəsinə həsr olunan onlayn şahmat turnirinin qalibləri mükafatlandırıldı

29 iyun 2021 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin və İDEA Şahmat Klubunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Muxtar Qasımlının xatirəsinə həsr olunan onlayn şahmat turnirinin qaliblərinin iyunun 29-da mükafatlandırılması mərasimi keçirilib.
Şəhid Muxtar Qasımlının ev muzeyində keçirilən mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, “Şəhid Anaları” İctimai birliyinin sədri Nəsibə Əliyeva çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən və bu tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən bəhs ediblər. Diqqətə çatdırılıb ki, dövlətimiz şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərir və vətəndaşlarımızın sosial müdafiəsi daim gücləndirilir.
Tədbirdə şəhid Muxtar Qasımlının ailə üzvləri, dostları, idman ictimaiyyətinin nümayəndələri də iştirak etmişlər. Şəhidlərin yaxınları idmançılara uğurlar arzulayıb, övladlarının xatirələrinin əziz tutulmasına görə təşkilatçılara minnətdarlığını bildiriblər.
Sonda qaliblər medallar və xatirə diplomları ilə mükafatlandırılıblar.
Qeyd edək ki, Azərbaycan Ordusunun baş leytenantı Muxtar Qasımlı fitnes üzrə Azərbaycan çempionudur.  Füzuli rayonu Alxanlı istiqamətində qəhrəmancasına şəhid olan Muxtar Qasımlı ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “ Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Keçidlər