Vətən müharibəsinin şəhidi leytenant Yusubov Elzar Süleyman oğlunun qız övladı Mələyin 1 yaşı qeyd olundu
İyunun 29-da Suraxanı rayonu 76 saylı tam orta məktəbdə Vətən müharibəsinin şəhidi leytenant Yusubov Elzar Süleyman oğlunun yadigarı, qız övladı Mələyin 1 yaşının tamam olması münasibətilə ailə üzvləri ilə birlikdə doğum günü qeyd olunaraq, Suraxanı Rayon İcra Hakimiyyəti və məktəb kollektivi tərəfindən şəhidin övladlarına hədiyyələr təqdim edilmişdir.
44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək Şəhidlik adlı uca zirvəyə yüksələn igid oğullarımıza allahdan rəhmət diləyən Suraxanı Rayon İcra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov çıxış edərək səmimi ürək sözlərini və Şəhidimizin övladına arzularını çatdırmış, dövlətimiz, ölkə başçımız, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidimizin doğmalarına göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini qeyd etmişdir.
Tədbirdə çıxış edən Suraxanı RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov da xoş arzularını çatdıraraq, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, hərbçilərimizin döyüş meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünün, qüdrətinin də bütün dünyaya bir daha nümayiş olunduğunu qonaqların diqqətinə çatdırdı.
Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə başda ölkə Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya olmaqla rayon rəhbərliyinə təşəkkürlərini bildirmiş, şəhidin xatirəsinin əziz tutulmasını, ailəsinə sahib çıxılmasını, daim yad olunmasını onun timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirmişlər.