İyunun 26-da Suraxanı Rayon İcra Hakimiyyətində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin akt zalında Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, müavinlərin, YAP Suraxanı Rayon Təşkilatının sədri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisinin iştirakı ilə Şəhid ailələri və qazilərlə görüş təşkil olunaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən müxtəlif medallarla təltif olunmuş şəhid ailələrinə və müharibə iştirakçılarına medalların təqdimetmə mərasimi keçirilib.
Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə ilk olaraq Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək Şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən RİH başçısı Əziz Əzizov bildirdi ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi Azərbaycan xalqının Ulu Öndəri, zəmanəmizin nadir şəxsiyyəti, bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş, unudulmaz Heydər Əliyevin adı ilə bağlıdır. Çünki bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Müzəffər Ali Baş Komandanın hərbi və siyasi müstəvidə atdığı qətiyyətli addımlar və ordumuzun düşmənin təcavüzünü qəhrəmancasına dəf etməsi, əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu.
Həmçinin, Vətən və millət yolunda canından keçərək ən şərəfli zirvəyə ucalmış Şəhidlərimizin heç zaman unudulmayacağını bir daha vurğulayan Əziz Əzizov Şəhid ailələrinin daima dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirmişdir.
Tədbirin sonunda şəhid ailələrinə və müharibə iştirakçılarına medallar təqdim olunmuş, eləcə də 26 İyun - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümü ilə əlaqədar rayonun ictimai həyatında vətənpərvərlik nümunəsi göstərdiklərinə görə bir sıra şəxslər Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunmuşlar.
Eyni zamanda tədbirdə iştirak edən Şəhid anaları dövlət başçımız cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən onlara göstərilən diqqət və qayğıdan bəhs edərək böyük məmnunluqlarını bildirmişlər.
Suraxanı rayonunda Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Şəhid ailələri adından Şəhid ailələrini Müdafiə Cəmiyyəti tərəfindən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Fəxri Fərmanla təltif edilmişdir.