Şriftin ölçüsü :

Saytın rəngi :

bu gün Şəhidimiz, Məmmədov Dostəli Seymur oğlunun doğum günüdür

28 iyun 2021 | 16:00

İyunun 28-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHBA-nın şöbə müdirləri 1998-ci ilin bu günündə dünyaya göz açan Şəhidimiz, Məmmədov Dostəli Seymur oğlunun məzarını ziyarət etmiş, ruhuna dualar oxunmuş və onun əziz xatirəsi ehtiramla yad edilmişdir. Həmçinin, Şəhidin ailə üzvlərinə baş çəkmişlər.
Şəhidlərimizə olan hörmət və ehtiramını bildirən RİH başçısı Əziz Əzizov Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun gücünün, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətinin gələcək nəsillər üçün örnək olduğunu vurğulamışdır.
Xalqımıza qələbə sevincini bəxş edən və bu yolda canından, qanından keçən igid Vətən oğullarımızdan olan Məmmədov Dostəli Seymur oğlu yaşasaydı bu gün 23 yaşı tamam olacaqdı.
Ailənin yeganə övladı olmasına baxmayaraq  hər bir Vətən övladı kimi Dostəlinin də Vətən eşqi arzularının önündə olduğu üçün Vətənin dar günündə könüllü olaraq cəbhəyə getmək üçün hərbi komissarlığa müraciət edir və sentyabrın 30-u hərbi komissarlıq tərəfindən xidmətə çağrılır.  Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşan Dostəli Məmmədov Füzuli döyüşləri zamanı şəhid olub və Yeni Suraxanı qəsəbəsində şəhidlər xiyabanında dəfn olunub.
Qeyd edək ki, Dostəli Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Keçidlər