Suraxanı rayonunda şəhidin xatirəsinə bulaq inşa edildi.
İyunun 24-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət xanım Həsənova, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri Vətən müharibəsinin şəhidi Cabarzadə Cavid Qorxmaz oğlunun adının əbədiləşdiriləsi üçün Bülbülə qəsəbəsində inşa edilmiş bulağın açılışında iştirak ediblər. Həmçinin, Şəhidin təhsil aldığı 316 saylı tam orta məktəbdə onun xatirəsinə hazırlanmış guşə ilə tanış olublar.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə tükənməyən qayğısından bəhs edərək bildirmişdir ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbədə payı olan Cavid kimi oğullarımız hər zaman xalqımızın qəlbində yaşayacaq və şəhidimizin doğmalarına göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcək.
Şəhidlərimizə olan hörmət və ehtiramını bildirən Milli Məclisin deputatı Afət xanım Həsənova, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Şəhidimizə Allahdan rəhmət, ailəsinə isə səbr diləmişlər.
Qeyd edək ki, 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olmuş Cavid Cabarzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Xocavənd döyüşləri zamanı Şəhidlik zirvəsinə ucalmış Cavid II Fəxri Xiyabanda dəfn olunub.
Şəhidimiz Cavid Cabarzadə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” , Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.