Suraxanı rayonu Heydər Əliyev Mərkəzində ənənə davam edir
Suraxanı rayonu Heydər Əliyev Mərkəzində daha iki yeni ailə quran gənclərin nikah mərasimi keçirilmişdir.
Ailə həyatı qurmağa hazırlaşan gənclər əvvəlcə Ulu Öndərin Suraxanı rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər, önünə tər güllər düzdülər.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra yeni ailə quranların qohumlarının və rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə nikah aktının imzalanması olmuşdur. Rayon Qeydiyyat şöbəsinin əməkdaşı mövcud qanunvericiliyə uyğun olaraq Anar Məmmədovla Aygün Abbasovanın və Elvin Şahmərdanovla Leyla Rzayevanın nikahlarını rəsmiləşdirdi və gənclərə nikah şəhadətnamələrini təqdim etdi.
Bəy və gəlinlərin nişan üzüklərinin dəyişdirilməsi iştirakçıların alqış sədaları altında yaddaşlara həkk olundu. Ailə həyatı quran gənclər nikah mərasiminin Müasir Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını bildirdilər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova yeni ailə quran gənclərə Suraxanı rayonu rəhbərliyinin adından qiymətli hədiyyələr təqdim edərək gənclərə möhkəm təməlli və nümunəvi bir ailə qurmağı, bu müqəddəs ocağı ömürlərinin sonuna kimi qorumağı arzuladı.
Sonra gənclər Mərkəzin sifarişi ilə hazırlanmış “Millət Atası” filminə baxdılar, Ulu Öndərin abidəsi önündə xatirə şəkilləri çəkdirdilər və sülh rəmzi olan ağ göyərçinləri havaya buraxdılar.