Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi İsmayılzadə Məhəmməd Fizuli oğlunun xatirəsinə inşa edilmiş bulağın açılışı

12 iyun 2021 | 16:00

İyunun 12-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri Vətən müharibəsinin şəhidi İsmayılzadə Məhəmməd Fizuli oğlunun doğum günündə onun xatirəsinə Zığ qəsəbəsində inşa edilmiş bulağın açılışında iştirak ediblər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə tükənməyən qayğısından bəhs edərək bildirmişdir ki, gənc nəsil və müasir gənclərimiz şəhidlərimizin qanı, canı bahasına əldə olunmuş qələbəmizin, müstəqilliyimizin qədrini bilməli, daima qoruyub saxlamalı və özlərindən sonrakı gələcək nəsillərə ötürməlidirlər.
Qeyd edək ki, 1996-cı ilin bu günündə dünyaya göz açan və vətən sevgisi ilə böyümüş Məhəmməd öz həmyaşıdlarından seçilirdi. Bu sevgi onun atasının 1-ci Qarabağ müharibəsində göstərdiyi şücaətdən irəli gəlirdi. Məhəmməd ali təhsilini yarımçıq qoyaraq Vətən müharibəsinin başladığı ilk gündən hərbi komissarlığa müraciət etmiş və könüllü olaraq müharibəyə yollanmışdır. Hər saniyəsinin təhlükəli olduğunu bilərək ön cəbhədə vuruşmaqdan çəkinməyən Məhəmməd cəsurluğu ilə ölümə meydan oxuyaraq Füzulinin və Hadrutun azad edilməsində böyük qəhrəmanlıq göstərmiş və  oktyabrın 25-də Şəhidlik zirvəsinə ucalmışdır. Məhəmməd və onun kimi igid Azərbaycan övladlarının sayəsində tariximizə Şanlı qələbə yazıldı.
Şəhidimiz İsmayılzadə Məhəmməd ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə, Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Şəhidimizin doğmaları göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.

Keçidlər