Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Autizmin tanımı, ixtisasların və valideynlərin maarifləndirilməsi” mövzusunda treninq keçirilmişdir

26 sentyabr 2014 | 15:00

26 sentyabr 2014-cü il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin və “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Mərkəzin Elektron lektoriya zalında “Autizmin tanımı, ixtisasların və valideynlərin maarifləndirilməsi mövzusunda treninq keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər və Heydər Əliyev  Mərkəzi ilə tanış oldular. Məlumat verildi ki, Suraxanı rayonu Heydər Əliyev Mərkəzi artıq 5 ildən artıq bir vaxtdır ki, fəaliyyət göstərir. Bu illər ərzində Mərkəz rayonun ideoloji mərkəzinə çevrilmişdir. Ötən illər ərzində Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 50 mindən yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən bu günə qədər 13 mindən artıq istifadəçi faydalanmış, Mərkəzdə müxtəlif mərkəzi icra hakimiyyətləri orqanları, ali təhsil müəssisələri, elmi institutlar və digər təşkilatlarla 150-yə yaxın tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova qeyd etdi ki, bu gün biz buraya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyinə verilmiş maarifləndirici  “Sağlamlıq imkanları məhdud uşaqlara (autizm) Defektoloji və Psixoloji Yardım göstərilməsi” layihəsi çərçivəsində “Autizmin tanımı, ixtisasların və valideynlərin maarifləndirilməsi” mövzusunda treninqə yığışmışıq. Autizm xəstəliyinin müalicəsi ölkə rəhbərliyinin diqqətində olan və qayğı göstərilən sahələrdən biridir. Bu istiqamətdə Heydər Əliyev Fondunun və xüsusi ilə Fondun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı  Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək istərdim.
Buna ən bariz nümunə Suraxanı rayonu Qaraçuxur qəsəbəsinin Yeni Günəşli yaşayış sahəsində Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondunun inşa etdiyi  “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün  Reabilitasiya Mərkəzi”ni göstərmək olar.
Autizm-özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir. Autizm-erkən yaş dövründə başlayan, həyat boyu davam edən, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə birlikdə qəbul olunan neyro-psixiatrik bir pozuntudur. Autizm üç yaşından əvvəl başlayan və məhdud davranışlara gətirib çıxaran, beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Autizmin nədən yaranmasına fikir bildirən mütəxəsislər bunu həm irsi, həm hamiləlik zamanı baş verən narahatlıqlar, həm də uşaqlıqda edilən peyvəndlərlə əlaqələndirir. Peşəkarların fikrincə autik uşaqları xəstə adlandırmaq olmaz, çünki onlar qeyri-adi istedada malik olurlar.
Belə uşaqların böyüyəndən sonra rəssamlığa, musiqiyə, poeziyaya, riyaziyyata həvəsləri olur. Belə xəstə uşaqların valideynləri övladlarını sağalmaq, inkişaf etmək üçün xüsusi autik uşaqlarla məşğul olan peşəkarların onlarla məşğul olmasına razı olmalıdırlar. Aparılan tədqiqatlar göstərir ki, belə uşaqlarla valideynlər düzgün məşğul ola bilmirlər. Ya peşəkarların proqramlarından istifadə etmək lazımdır, ya da peşəkarların öhdəsinə verilməlidir. Bu zaman onların içində olan istedad üzə çixacaq və onlar da başqa uşaqlara qoşulmaqdan artıq utanmayacaqlar.
Layihə haqqında məlumat verən “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyinin sədri Çiçək Məmmədova qeyd etdi ki, autik uşaqlar ana sevgisinə, nəvazişinə, diqqətinə normal uşaqdan daha çox ehtiyac duyurlar, lakin onlar autik olduqları üçün bunu hiss etdirə, biruzə verməyi bacarmırlar. Autizm əlamətlərini ana öz övladında hiss edirsə, dərhal həkimə müraciət etməlidirlər. Mütəxəssislərin fikirincə  müalicəyə dərhal başlamaq lazımdır, autizmdən əzab çəkən uşaqlarla xususi məşğul olmaq lazımdır, mütəxəssislərin yanına aparmaq mütləqdir. Davranışın korreksiyasının müxtəlif metodikaları mövcuddur. Əgər terapiya erkən yaşda başlanırsa, o yaxşı effekt verə bilər. Fizio-əmək terapiyası, loqopediya uşağın spesifik xüsusiyyətlərinə görə təyin edilib. Bütün bunlar həmin uşaqlara olduqca çox kömək edir.
Treninqdə  Autizm sindromlu uşaqların reabilitasiyasında pedaqoji işin düzgün təşkili haqqında  “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyinin direktoru pedaqoq-psixoloq Qumru Səlimova, Autizm sindromlu uşaqların erkən diaqnozu və düzgün yönlətmə sahəsində rəhbərliyin rolu və beynəlxalq təcrübələrin ölkəmizdə tətbiqi haqqında “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyinin Uşaq inkişaf mütəxəssisi Elxan Əliyev məlumat verdilər.
Sonda mütəxəssislər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırdılar.

Keçidlər