İyunun 4-də Suraxanı Rayon İcra Hakimiyyətində Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.
Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov, Milli Məclisin deputatı Afət xanım Həsənova, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, rayon ağsaqqalları iştirak edib.
İlk öncə Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin və hesabat dövrü ərzində vəfat etmiş rayon ağsaqqallarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş nitqi ilə açan RİH başçısı Əziz Əzizov Vətən müharibəsində Şəhid olmuş övladlarımıza Allahdan rəhmət diləyərək, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda bu gün böyük coşqu ilə bərpa-quruculuq və abadlıq işlərinin başlanıldığını, doğma torpaqlarımızın yenidən dirçəldiyini bildirmişdir. Həmçinin, rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolu və nüfuzundan bəhs edərək qeyd etmişdir ki, xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqalların tövsiyəsi və məsləhəti xüsusi əhəmiyyət kəsb edir.
Respublika Ağsaqqallar Şurası sədrinin müavini Eldar İbrahimov çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və tərəqqisi naminə aparılan işlərdə ağsaqqalların rolundan söhbət açmışdır.
Konfransda gündəlikdəki məsələlər müzakirə olunmuş Ağsaqqallar Şurasının yeni əsasnaməsi qəbul edilmiş, idarə heyətinin və təftiş komissiyasının üzvləri seçilmişdir. Keçirilmiş səsverməyə əsasən Suraxanı rayon Ağsaqqallar Şurasının sədri Babayev Arif Eyvaz oğlu seçilmişdir.
Milli Məclisin deputatı Afət xanım Həsənova, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək Şanlı Qələbənin qazanılmasında ağsaqqallarımızın mənəvi dəstəyinin, öyüd-nəsihətlərinin rolundan danışaraq, yeni seçilən heyətə gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.