Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda 28 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə güzəştli kredit verilmişdir

25 sentyabr 2014 | 15:00

25 sentyabr 2014-cü il tarixdə “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda  Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə növbəti, 8-ci tədbir keçirilmişdir. Tədbirdə  Suraxanı rayonunda fəaliyyət göstərən sahibkarlar, rayonun idarə və müəssisələrinin nümayəndələri iştirak etmişlər.
Tədbirin əsas məqsədi rayonda fəaliyyət göstərən sahibkarlara sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə verilən güzəştli kreditlərin alınmasının əsas şərtlərinə dair məlumatın verilməsi və tədbirin sonunda bir qrup sahibkara güzəştli kreditlərin verilməsi idi.
Tədbirin əvvəlində dəvət edilən sahibkarlar və qonaqlar Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinə həsr olunmuş filmə baxdırlar.
Sahibkarlığa Kömək Milli Fondunun məsul işçiləri güzəştli kreditlərin verilməsi mexanizminə, investisiya layihələrinin hazırlanmasına və təqdim olunmasına, güzəştli kreditlərin təyinatı üzrə istifadəsinin monitorinqə dair treninq keçirdilər.
Müasir istixanaların, ət kəsimi müəssisələrinin, çörək zavodunun, zeytunçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirildi.
          100-dən artıq sahibkarın qatıldığı tədbirdə Fondun, RİH-in və müvəkkil bankların məsul işçiləri  iştirak etmiş,  Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxış etmişlər.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 28 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 9,9 milyon manat güzəştli kredit verilmişdir.
Tədbirin sonunda çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə regionların, o cümlədən Suraxanı rayonunun hərtərəfli inkişafına, sahibkarlara göstərilən diqqət və qayğıya görə tədbir iştirakçıları adından minnətdarlığını bildirmişdir.

Keçidlər