Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın “Kosuqi” Şirkətinin rəhbəri Saki Kosuqi Suraxanı rayonunda olmuşdur

04 sentyabr 2014 | 15:00

Yaponiyalı qonağın Suraxanı rayonuna  səfəri 2014-cü ilin 31 may - 12 iyun tarixlərində Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyətinin, eləcə də Suraxanı rayon İcra hakimiyyətinin başçısı İlqar Abbasovun Yaponiyada işgüzar səfərdə olarkən əldə olunmuş dostluq və tərəfdaşlıq razılaşması çərçivəsində gerçəkləşmişdir.
Dünyanın bir çox ölkələrində yapon parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış “Kosuqi” Şirkətinin rəhbəri Saki Kosuqi Suraxanı rayonuna səfərindən əvvəl Bakı şəhərinin bir çox parklarında olmuş və şəhərdə istirahət parklarının və yaşıllıqların   salınması təcrübəsini, bu sahəyə ictimai və dövlət münasibətini öyrənmişdir.
“Kosuqi” Şirkətinin rəhbəri Saki Kosuqi Suraxanı rayonunda əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət etdi. Sonra rayon İcra Hakimiyyətinin konfrans zalında görüş oldu. Qonağı səmimi salamlayan Suraxanı rayon İcra hakimiyyətinin başçısı İlqar Abbasov ölkələrimiz arasında formalaşmış dostluq münasibətlərindən, onun tarixi köklərindən danışaraq qeyd etdi ki, Yaponiya ilə Azərbaycan arasında münasibətlərin əsası Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hər iki ölkə üçün səmərəli olan ikitərəfli münasibətlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyi nəticəsində yeni mərhələyə yüksəlmişdir. İlqar Abbasov vurğulamışdır ki, Yaponiyada səfərdə olarkən burada salınan yaşıllıqların miqyası, rəngarəngliyi və Yaponiyada yaşıllıqlara göstərilən qayğı onu  maraqlandırmışdır. “Kosuqi” şirkətinin təcrübəsi ilə tanış olduğunu və lahiyələrini bəyəndiyini qeyd edən rayon rəhbəri qarşılıqlı münasibətlərin inkişafında da maraqlı tərəf olduğunu nəzərə çatdırdı. İlqar Abbasov Suraxanı rayonu haqqında qonağa ətraflı məlumat verdi.
Göstərilən səmimiyyətə və yüksək qəbula görə minnətdarlığını bildirən qonaq qeyd etdi ki, o, Azərbaycanı çox sevir. Saki Kosuqi qeyd etdi ki, o,  Azərbaycanı Yaponiyada ən çox təbliğ edənlərdən biridir. Sonra qonaq Yaponiyanın qəzet və jurnallarında Azərbaycan haqqında dərc olunmuş irihəcmli məqalələr və illüstrasiyalar barədə qısa məlumat verdi. Qonaq bildirdi ki, şirkətin İsmayıllı rayonunda saldığı parkın Prezident İlham Əliyev tərəfindən bəyənildiyindən çox məmnundur. Qonaq Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirərək onun dünyanın çox nüfuzlu dövlət başçılarından biri olduğunu vurğuladı.
“Kosuqi” Şirkətinin rəhbəri Saki Kosuqi qeyd etdi ki, bizim məqsədimiz ölkələrimiz arasında münasibətləri daha da inkişaf etdirmək və burada Yapon parkları salmaqla Azərbaycana gələn qonaqları heyran qoymaqdır. Görüşün sonunda İlqar Abbasov  Suraxanı rayon İcra Hakimiyyəti adından xatirə hədiyyəsini qonağa  və Saki Kosuqi  də öz adından xatirə hədiyyəsini rayon rəhbərinə təqdim etdi.
Görüşdən sonra qonaq Suraxanı rayonu Heydər Əliyev parkını gəzdi, Heydər Əliyev Mərkəzi, “Atəşgah Məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğu və Yeni Günəşli yaşayış sahəsində yeni tikilən İstirahət mərkəzi ilə tanış oldu.
Əldə olunmuş razılığa əsasən yapon parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış “Kosuqi” Şirkəti rayonun Yeni Günəşli yaşayış sahəsində yeni salınan İstirahət mərkəzinin bir guşəsində “Yapon bağı” salacaqdır.

Keçidlər