Suraxanı rayonu Heydər Əliyev Mərkəzində ənənə uğurla davam etdirilir
Suraxanı rayonu Heydər Əliyev Mərkəzində daha 2 yeni ailə quran gənclərin nikah mərasimi təşkil olunmuşdur.
Ailə həyatı qurmağa hazırlaşan gənclər və mərasim iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər, önünə tər güllər düzdülər.
Heydər Əliyev Mərkəzi ilə ətraflı tanışlıqdan sonra keçirilən nikah mərasimində Rayon Qeydiyyat şöbəsinin əməkdaşı mövcud qanunvericiliyə uyğun olaraq Azər Paşayevlə Lamiyə İsayevanın və Elnur Vəliyevlə Günel Ağayevanın nikahlarını rəsmiləşdirdi və gənclərə nikah şəhadətnaməsini təqdim etdi.
Bəy və gəlinlərin nişan üzüklərinin dəyişdirilməsi iştirakçıların alqış sədaları altında yaddaşlara həkk olundu. Yeni evlənənlər tədbir iştirakçılarının çoxsaylı təbriklərini qəbul etdilər.
Rayon İcra Hakimiyyəti başçısı aparatının İctinai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov gəncləri təbrik etdi və məhz müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə Zərifə xanım Əliyeva kimi möhkəm təməlli və nümunəvi bir ailə qurmağı, bu müqəddəs ocağı ömürlərinin sonuna kimi qorumağı arzuladı. Yeni ailə quran gənclərə Suraxanı rayonu rəhbərliyinin adından qiymətli hədiyyələr təqdim edildi.
Yeni ailə həyatına qədəm qoyan gənclər Ulu Öndərin abidəsi önündə xatirə şəkilləri çəkdirdilər, sülh rəmzi olan ağ göyərçinləri havaya buraxdılar.