Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixin canlı səhifələri Atəşgahda vərəqlənəcək

22 avqust 2014 | 15:00

200 nəfərə yaxın aktyor, tələbə, rəqqas, idmançı o cümlədən xalq sənətkarlarının iştirak edəcəkləri “Tarixin canlı səhifələri” başlıqlı festival 23 avqust 2014-cü il tarixi saat 20.00-da  Bakının Suraxanı rayonunda yerləşən, “Atəşgah Məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğunda keçiriləcəkdir.
Tarixi rekonstruksiya formatında təşkil edilən festivalın əsas məqsədi gəncləri  vətənpərvərlik  ruhunda  tərbiyə etmək, onların tariximizə olan marağını özlərinin oynayacağı kiçik səhnəciklər vasitəsilə artırmaq, şərəf dolu tarixi döyüş səhnələrini gənclərə əyani olaraq çatdırmaq və ən əsası isə onlara Odlar Yurdu kimi tanınan Azərbaycan-vətən sevgisini aşılamaqdır.
Festival  orta əsrlərdən günümüzə qədər olan tarixi dövrü,qəhrəmanlıqları ilə tarixə iz salmış Azərbaycan qadınlarının –massagetlərin hökmdarı Tomrisin, türbəsi üzərində yazıldığı kimi “dünyanın və dinin cəlalı, islamın və müsəlmanların namusu”  Möminə xatunun, bir vaxtlar ona təhvil verilmiş Naxşıvanı ədalətlə idarə etmiş, hakim olduğu ərazidə insanların arzu və şikayətləri ilə yaxından maraqlanmış, Məhəmməd Cahan Pəhləvanın çox dəyərli qızı olan Cəlaliyyə, Ağqoyunlular dövlətinin daxili və xarici siyasətini idarə edən görkəmli diplomat və dövlət xadimi Sara xatunun,  Quba xanı Fətəli xanın döyüşdə öldürüldüyü haqda olan şayiələrə inanmayaraq şəhəri axıra qədər müdafiə etmiş, 9 ay düşməni Dərbəndə yaxın buraxmamış Tuti Bikənin, xatunun qəhrəmanlıqlarla dolu həyatları tələbə və aktyorlar tərəfindən canlandırılacaqdır.  Eyni zamanda, Festival çərçivəsində o dövrə xas olan mədəniyyət, məişət və ənənələr də geniş şəkildə təqdim olunacaqdır.
Qeyd edək ki, festival Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.7 yarımbəndini icra etmək məqsədi ilə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilir.

Keçidlər