Şriftin ölçüsü :

Saytın rəngi :

14 noyabr – Ümumdünya Diabet Gününə həsr olunan aksiya keçirilib

14 noyabr 2023 | 09:16
Noyabrın 14-də Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Suraxanı rayon İcra Hakimiyyəti ilə birgə 14 noyabr – Ümumdünya Diabet Gününə həsr olunan aksiya keçirilib.
 Əhali arasında qeyri-infeksion xəstəliklər və şəkərli diabet barədə məlumatlılığın artırılması məqsədi ilə təşkil olunan maarifləndirici aksiyada sakinlər boy, çəki, nəbz, təzyiq və qanda şəkərin miqdarının ölçülməsi kimi müayinələrdən keçirilərək düzgün və balanslı qidalanma ilə bağlı məlumat verilib, tütünçəkmə və digər zərərli vərdişlərdən uzaq olmaq, sağlam həyat tərzi seçmək təşviq edilib, eləcə də İSİM tərəfindən hazırlanan maarifləndirici materiallar paylanılıb.
 Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov da çıxış edərək əhali arasında keçirilən tibbi maarifləndirmə aksiyalarının böyük önəm daşıdığını diqqətə çatdırıb və qeyd edib ki, belə aksiyalar bir çox insanlarda xəstəliklərin erkən aşkarlanması və vaxtında müalicə olunması üçün əhəmiyyətlidir.
 Tədbirdə ölkəmizdə əhalinin sağlamlığının qorunması istiqamətində qəbul edilən dövlət proqramları haqqında ətraflı məlumat verilib, sağlam həyat tərzini təbliğ edən məqsədyönlü tədbirlərin əhəmiyyəti vurğulanıb.
 Bildirilib ki, şəkərli diabet qanda şəkərin səviyyəsinin artması ilə səciyyələnən xroniki xəstəlikdir. Şəkərli diabetə nəzarət olmadıqda, qanda qlükozanın səviyyəsinin yüksəlməsi meydana çıxır. Bu isə, orqanizmin əksər sistemlərinin zədələnməsinə səbəb olur. Şəkərli diabetin əsas risk amillərinə isə, artıq çəki, azhərəkətlilik, yaxın qohumlarda xəstəliyin olması, tütünçəkmə, spirtli içkilərdən sui-istifadə, stres, qeyri-sağlam qidalanma və s. faktorlar aiddir.
Keçidlər