Suraxanı rayonunda şəhid ailələri davamlı olaraq ziyarət olunur
07 aprel 2021-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavini Fuad Cəbrayılov, şöbə müdirləri, RİHB-nin Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vətən müharibəsində qanı və canı bahasına bizlərə zəfər, qələbə sevinci yaşadan Şəhidimiz baş leytenant Əlimov Elvin Nəsrəddin oğlunun Hövsan qəsəbəsində yaşayan ailəsini ziyarət etmiş və onlara ərzaq yardımı göstərilmişdir.
Şəhid Elvin Əlimovun ailəsinin qayğıları ilə maraqlanan RİH başçısı Əziz Əzizov bildirmişdir ki, Vətən və millət yolunda canından keçməyə hazır olanların fəth etdiyi ən yüksək, ən şərəfli zirvədir Şəhid olmaq. Və hər bir Şəhid ailəsi bu məqama ucalan mərd oğullarımızın bizlərə əmanətidir. Onlara dəstək olmaq hər birimizin borcudur.
Qeyd edək ki, Şəhidimiz Elvin Əlimov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyi üçün “İgidliyə görə” medalı, Azərbaycan Respublikasının Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.