Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda 2014-cü ilin birinci yarısının yekunları müzakirə olunmuşdur

23 iyul 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı nitqindən irəli gələn məsələlər Suraxanı Rayon İcra Hakimiyyətində RİHB yanında Şuranın geniş iclasında ətraflı müzakirə olunmuşdur.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan  abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuşlar.
Rayon İcra Hakimiyyətinin Konfrans zalında keçirilən yığıncaqda məruzə ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2014-cü il ölkəmizdə "Sənaye ili" elan edilmişdir. Suraxanı rayonunun sosial-iqtisadi inkişafına daim diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyulun 16-da yeni sənaye müəssisəsinin - Suraxanı Günəş Elektrik Stansiyasının açılışında iştirak etmişdir. Dövlət Başçısına məlumat verilmişdir ki, 6 hektar sahədə yaradılan stansiyada 8 min günəş paneli quraşdırılmış, gələcəkdə burada daha 4 min panelin quraşdırılması nəzərdə tutulmuş və bu panellər gündə 12 min kilovatt-saat elektrik enerjisi istehsal etmək iqtidarındadır.
Sənaye ili çərçivəsində eyni zamanda Qaraçuxur qəsəbəsində Transformator zavodunun yeni korpusunun tikintisi, Bülbülə qəsəbəsində isə “Bakı Toxuculuq” ASC-də yenidən qurma işləri davam etdirilmişdir.
Rayon rəhbəri məlumat verdi ki, 2014-cü  ilin 6 ayı ərzində rayonda sənaye məhsulunun istehsalı 215,2 milyon, tikinti işləri 73,5 milyon, nəqliyyat xidmətləri 9,4 milyon, əsas kapitala yönəldilən investisiyalar 34,7 milyon manat, orta aylıq əmək haqqı 576 manat olmuş, pərakəndə ticarət dövriyyəsi 4,7% artaraq 136,8 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 21,7% artaraq 116,0 milyon manat təşkil etmiş, 1858 yeni iş yeri açılmışdır.
"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Suraxanı rayonu üzrə 51, ümumərazi inkişaf üzrə 3 tədbir nəzərdə tutulmuş, onların 17-nin icrasına başlanılmış, başlanılan tədbirlər proqramın 31,5 faizini təşkil etmişdir. Dövlət Proqramına əsasən bu dövr ərzində 850 p.m. yeni su borusu çəkilmiş, 27 ədəd siyirtmə dəyişdirilmiş, 7524 ədəd yeni su sayğacı quraşdırılmış, görülmüş tədbirlər nəticəsində 69,9 min abonentin 26,5 mini, yəni 38,0 faizi 24 saat fasiləsiz su ilə təmin edilmişdir. Rayonun elektrik enerjisi şəbəkəsində 3 Kompleks Transformator Məntəqəsi quraşdırılmış, 8 məntəqədə güc transformatorları daha güclü transformatorlarla əvəzlənmiş, 3190 p.m. kabel xətti, 5140 p.m. naqil çəkilmiş, 0,4 kilovolt şəbəkənin SİP xətləri ilə qurulması işi davam etdirilmişdir. Qaz təchizatının yaxşılaşdırılması işləri davam etdirilmiş, 597 p.m. yeni qaz xətti çəkilmiş, 825 ədəd "Smart-kart" tipli elektron qaz sayğacı quraşdırılmış, 1170 ədəd mexaniki qaz sayğacı yeni "Smart-kart" tipli elektron qaz sayğacı ilə əvəzlənmiş, 4 ədəd yeni tənzimləyici quraşdırılmış, istismar müddəti bitmiş siyirtmələrdən 12 ədədi yenisi ilə əvəz edilmişdir.
Rayon “Gənclər evi” istifadəyə verilmiş, Hövsan qəsəbəsində tutumu 2000 nömrə olan ATS tikilmiş, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsində ATS binasının tikintisinə başlanılmış, Qasım Qasımov adına uşaq bağçası əsaslı təmir edilmiş, 84 №-li məktəbin yerində yeni 960 şagirdlik məktəb binasının, 104, 118, 146 №-li məktəblər üçün əlavə tədris korpuslarının, şahmat məktəbinin tikintisi, 5, 262 №-li uşaq bağçalarında, 87, 114,140 və 282 №-li məktəblərdə əsaslı təmir işləri davam etdirilmiş, rayon prokurorluğu binasının arxasındakı ərazidə yeni uşaq bağçasının tikintisinə başlanılmışdır.
Qaraçuxur qəsəbəsində “Veteranlar xiyabanı”nın, “Vətən şəhidlərini unutmur” xatirə kompleksinin, Bülbülə qəsəbəsində Böyük Vətən Müharibəsində həlak olmuş qəsəbə sakinlərinin xatirəsinə ucaldılmış abidənin ətrafı əsaslı təmir edilmiş, Milli Qəhrəman Albert Aqarunovun büstü təmir olunmuş və ətrafyanı sahəsi abadlaşdırılmış, Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsində “Şəhid bulağı” kompleksi yenidən qurulmuşdur.
Əmircan və  Hövsan qəsəbələrində 137 ədəd qeryi-yaşayış obyektinin fasadları yenidən qurulmuş, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev, Hövsan qəsəbəsi, Dənizkanarı və Zığ qəsəbəsi, İdris Süleymanov küçələrində yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin fasadlarının yenidən qurulması ilə bağlı layihələr hazırlanır.
İlqar Abbasov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında”  12 fevral 2014-cü il tarixli Sərəncamının Suraxanı rayonunda icrasını təmin etmək məqsədi ilə müvafiq Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər Planına uyğun olaraq Abbasqulu Ağa Bakıxanov adına parkda geniş abadlıq işləri həyata keçirilmiş, burada qəsəbə sakinlərinin istirahəti, uşaqların əylənməsi üçün əlverişli şərait yaradılmış, Abbasqulu Ağa Bakıxanovun parkda büstü qoyulmuşdur.
Rayon ərazisində 9 abad məhəllə istifadəyə verilmiş, 76,7 min kv.m. asfalt örtüyü salınmışdır.
Sahibkarlığa Kömək Milli Fondu və RİH-in birgə təşkilatçılığı,  100 nəfər sahibkarın iştirakı ilə Qaraçuxur  qəsəbəsində  növbəti kredit yarmarkası keçirilmiş, 5 sahibkarlıq subyektinə 335,0 min manat güzəştli şərtlərlə kredit verilmişdir.
Rayonun ekoloji durumunun sağlamlaşdırılması işləri davam etdirilmiş, neftlə çirklənmiş torpaqlarda sahəsi 2,3 ha olan müxtəlif ölçülü gölməçələr qurudulmuş, texniki rekultivasiya işi aparılaraq 4,4 ha torpaq sahəsi bərpa edilmiş, 18 quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmiş, rayon ərazisində iməciliklər keçirilərək 8,0 min ağac, o cümlədən mədən ərazilərində 3,0 min ağac və kol əkilmişdir.
Ötən dövr ərzində təsdiq edilmiş tədbirlər planlarına əsasən rayonda bir çox ictimai-siyasi tədbir keçirilmiş, bu günə qədər Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 48000-dən yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən 13 mindən artıq istifadəçi faydalanmış, 2014-cü ilin 6 ayında Mərkəzdə 14 ümumrayon tədbiri, Müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə 11-ci sinif şagirdlərinə 10 açıq dərs, yeni ailə quran 7 gənc ailənin nikah mərasimi keçirilmişdir.
        Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə  Heydər Əliyev parkında “Gül bayramı”, “Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda konfrans, Milli Qurtuluş Günü münasibəti ilə “Heydər Əliyev Qurtuluş mübarizəsinin qalibidir!” mövzusunda konfrans, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 45 illiyi münasibəti ilə tədbir keçirilmişdir.
28 aprel tarixdə görkəmli oftalmoloq alim, ictimai xadim, Əməkdar elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir.
Bundan əlavə  Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi, Azərbaycanın Milli Qəhrəmanı Albert  Aqarunovun anadan olmasının 45 illiyi münasibəti ilə, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Mədəniyyət və Turizm, Təhsil nazirlikləri ilə birgə Abbasqulu Ağa Bakıxanovun 220 illiyinə həsr olunmuş yubiley tədbiri, narkomaniyaya qarşı mübarizə həftəsi çərçivəsində silsilə maarifləndirici və digər tədbirlər keçirilmişdir. Əmircan qəsəbəsində Xalq Rəssamı Səttar Bəhlulzadənin ev-muzeyinin bərpasından sonra açılışı, Bülbülə qəsəbəsində “İgid” güləş idman klubunun açılışı, 04 iyun tarixdə Misir Ərəb Respublikasının   “İsmailiyyə” folklor ansamblının Heydər Əliyev parkında rayon sakinləri qarşısında konseti, 21 iyun tarixdə Suraxanı rayonu Heydər Əliyev parkında tatar xalqının milli “Sabantuy” bayramı olmuşdur.
RİH-in və FHN-nin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirilmişdir.
İyun ayında RİH-in və Səhiyyə Nazirliyinin Bakı şəhər Dezinfeksiya Stansiyasının Suraxanı Regional Bölməsinin birgə təşkilatçılığı ilə rayonun Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin ərazisində, qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları yataqxana və binalarda, konteyner meydançalarında yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə gəmiricilərə, həşəratlara qarşı birdəfəlik kütləvi dezinfeksiya işləri aparılmışdır.
           2014-cü ilin 6 ayı ərzində Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 1217 ailəyə yeni sosial müavinət,  1107 ailəyə ünvanlı sosial yardım təyin edilmiş, 2577 ailə sosial yardım sistemi ilə əhatə olunmuş, bu dövr ərzində 4,9 milyon manat sosial müavinət və yardım ödənilmiş, 251 nəfər tənha və əlil vətəndaşa evlərində sosial xidmət göstərilmiş, onlardan 51 nəfəri istirahət mərkəzlərinə göndərilmişdir.
Rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 577 nəfər işaxtaran vətəndaşdan 254 nəfəri işlə təmin olunmuş, 80 nəfərə işsiz statusu verilmiş, 91 nəfərə işsizlik müavinəti təyin edilmiş, 48 nəfər peşə hazırlıq kurslarına göndərilmişdir.
Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında bu dövr ərzində əhaliyə  365 ton kənd təsərrüfatı məhsulları satılmışdır.
    Ötən dövr ərzində vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılmış, onların problemlərinin həllinə hərtərəfli köməklik göstərilmişdir.
2014-cü ilin 6 ayı ərzində  RİH-ə 2628 vətəndaş müraciəti və 527 xidməti sənəd, onlardan 1150-si bilavasitə vətəndaşlar tərəfindən daxil olmuş, müraciətlərin böyük hissəsi fərdi yaşayış evlərinin layihələrinin təsdiqi, ilkin hüquqi qeydiyyata alınması, mənzil növbəsinə götürülmə, mənzil və torpaq sahəsi ilə təmin olunma, su və kanalizasiya xətlərinin çəkilməsi, küçə və yolların asfaltlanması, maddi köməklik göstərilməsi, kommunal problemlər, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı olmuşdur.
2014-cü ilin 1-ci yarımilliyində 1333 nəfər sakinin  iştirakı ilə 19 səyyar görüş-qəbul keçirilmişdir.  2014-cü ilin 1-ci yarımilliyində RİH-də  891 nəfər vətəndaş, o cümlədən RİH başçısı tərəfindən 446 nəfər vətəndaş qəbul edilmişdir. 
RİH-də yaradılmış Operativ idarəetmə mərkəzinin, Heydər Əliyev parkında və Qaraçuxur qəsəbəsində yerləşdirilmiş elektron lövhələrin, Heydər Əliyev Mərkəzinin elektron təbliğat vasitələrinin imkanlarından geniş istifadə edilməsi davam etdirilmişdir.  
2014-cü ilin 6 ayında müntəzəm yeniləşən RİH-in internet saytı,  elektron poçt ünvanı, “Qaynar xətt” telefonu kimi mütərəqqi əlaqə və informasiya vasitələrindən, yerlərdə quraşdırılmış “Şikayət və təkliflər” səyyar poçt qutularından geniş istifadə edilmiş, elektron poçt ünvanına daxil olmuş 89 ədəd elektron məktub cavablandırılmış, RİH-ə daxil olan və göndərilən sənədlərin 2009-cu ildən tətbiq olunmuş “Elektron icraçı” Avtomatlaşdırılmış İdarəetmə Sisteminə yerləşdirilməsi davam etdirilmişdir.
Məruzə ətrafında Milli Məclisin deputatı Sevinc Fətəliyeva və digərləri çıxış etmişdir.
Hesabat yığıncağına yekun vuran İlqar Abbasov bildirdi ki, Suraxanı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər ilin qalan dövrü  ərzində davam etdiriləcək, dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasında qarşıya qoyduğu vəzifələrin icrası naminə bütün imkanlar səfərbər olunacaqdır.
Suraxanı rayonuna göstərilən diqqət və qayğıya görə İlqar Abbasov rayon sakinləri adından bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi və dövlətimizin başçısını əmin etdi ki, rayonun əmək kollektivləri və sakinləri həmişə olduğu kimi, yenə də Heydər Əliyev siyasi kursuna sadiqliyini nümayiş etdirəcək, qazanılmış uğurların daha da artırılması və ölkəmizin iqtisadi qüdrətinin gündən-günə möhkəmləndirilməsi üçün əzmlə çalışacaqlar.
Yığıncağın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təltif edilmiş, RİH-in şöbə müdiri Yolçiyev Etibar Səlim oğluna “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olundu, rayonun ictimai həyatında fəal iştirak edən bir qrup şəxs Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olundu.

Keçidlər