Aprel döyüşləri Azərbaycan xalqını Böyük Qələbəyə aparan qalibiyyətimizin, zəfər səlnaməmizin başlanğıcıdır. 2016-cı ilin Aprel döyüşlərindən 5 il ötməsinə baxmayaraq xalqımız həmin döyüşdə qazandığımız qələbəni bu gün də qürur hissi ilə xatırlayır.
5 aprel 2021-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, şöbənin əməkdaşı Qurbanəli İslamov, RİHB-nin Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ruslan Fərzəliyev və Bələdiyyə sədri Fikrət Quliyev Aprel döyüşlərinin Şəhidi Şirəliyev Kamran Faiq oğlunun məzarını ziyarət edib, həmçinin ailəsinə baş çəkiblər. Şəhidimiz Kamran Şirəliyevin anası Elvira xanıma dərin hüznlə başsağlığı verilmiş və səbr dilənmişdir.
Qeyd edək ki, Kamran Şirəliyev 28 fevral 1994-cü ildə Suraxanı rayonunda anadan olub. 2016-cı il aprelin 5-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla Şəhidlik zirvəsinə ucalaraq adını tarixə yazdıran Kamran Yeni Suraxanı qəsəbəsində dəfn olunmuşdur. O, göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir.
Ziyarət zamanı Vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirən, xalqımıza qələbə sevincini və duyğusunu yaşadan bütün şəhidlərimiz yad edilmiş, ömrünü Vətən naminə qurban verən hər bir övladımızın Azərbaycanın tarixində qəhrəman kimi yaşayacağı və gələcək nəsillərə örnək olacaqları bir daha vurğulanmışdır.
Vətən müharibəsinin qaziləri Rufullayev Namiq Arif oğlu, Qarayev Kənan Tofiq oğlu, Həsənli Bəhruz Vəli oğlu ilə görüşərək onların problemləri ilə maraqlanan RİH əməkdaşları Yeni Suraxanı qəsəbəsində dəfn olunan Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edərək onların məzarını da ziyarət etmiş və ruhlarına dualar oxunmuşdur.