Suraxanı Rayon İcra Hakimiyyəti növbəti şəhid ailəsinin mənzilini əsaslı təmir etdirdi
Vətənimizin azadlığı və ərazi bütövlüyünün qorunması zamanı sağlamlığını itirən hərbi qulluqçularımıza və Şəhid ailələrinə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən diqqət və qayğı göstərilərək, problemlərinin həlli istiqamətində zəruri tədbirlər görülür.
Vətən müharibəsinin şəhidi Hüseynzadə Fərid Eldəniz oğlunun Bülbülə qəsəbəsində yaşayan ailəsinin mənzilinin əsaslı təmirindən sonra, növbəti dəfə Suraxanı RİH Füzuli istiqamətində gedən döyüşlərdə Şəhid olmuş Xüsusi Təyinatlı Qüvvələrin zabiti, kəşfiyyatçı, kapitan İsmayılov Elçin Mübariz oğlunun ailəsinə dəstək olub.
Ailənin Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsində yaşadıqları 14 saylı evin 3 otaqlı 43 saylı mənzili əsaslı şəkildə təmir olunaraq onların istifadəsinə təhvil verilmişdir.
02 aprel 2021-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, 1-ci müavini Rəşad Hacıyev, müavini Fuad Cəbrayılov və şöbə müdirləri düşmənin kabusuna, xalqımızın qəhrəmanına çevrilən Qarabağ fədaisi Elçin İsmayılovun ailəsini ziyarə edib və onlara qiymətli hədiyyələr təqdim olunub.
Uzun müddət təmirsiz istismar olunan mənzildə aparılan yenidənqurma işləri ilə tanış olan RİH başçısı Əziz Əzizov ailənin qayğıları ilə maraqlanmış, Şəhidimizin özündən sonra xalqına, elinə əmanət qoyduğu iki övladının ataları kimi vətənpərvər ruhda böyüyəcəklərinə və onun həyata keçirə bilmədiyi arzularını gerçəkləşdirəcəklərinə əmin olduğunu bildirmişdir.
Qeyd edək ki, Elçinlə bərabər, ondan ilhamlanaraq, Silahlı Qüvvələrin sıralarında xidmət edən qardaşları Nurlan və Elvin də Vətən müharibəsində ön cəbhədə döyüşüblər.
Şəhidimiz Elçin İsmayılov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə, Cəbrayıl, və Kəlbəcər rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Cəbrayılın azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhidimizə allahdan rəhmət, ailəsinə isə səbr diləyirik.
Məkanın Cənnət Olsun, Cənab Kapitan İsmayılov Elçin Mübariz oğlu! Vətən sənin kimi oğullarla fəxr edir və edəcək!