Suraxanı rayonunda sakinləri narahat edən sosial problemlərin həlli istiqamətində iri həcmli tədbirlər ardıcıl olaraq uğurla davam etdirilir.
Rayon ərazisində abadlıq-quruculuq sahəsində kompleks tədbirlər aparılaraq qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri, içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması istiqamətində işlər uğurla həyata keçirilir.
Rayonun Əmircan qəsəbəsində aparılan yenidənqurma işləri layihəsi çərçivəsində fərdi yaşayış evlərinin dam örtükləri və fasadları təmir olunur, su və kanalizasiya şəbəkəsi qurulur, kommunikasiya xətləri bərpa edilir. “2019-2023-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən hazırda qəsəbənin Üzeyir Hacıbəyov küçəsində su və kanalizasiya xətlərinin çəkilişindən sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən asfaltlanma işlərinə başlanılaraq ümumi sahəsi 3500 kv.m olan küçədə asfalt örtüyü salınır.