Suraxanı RİH-də Vətən müharibəsi qazilərinə vəzifə verildi
“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının aparatında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb.
RiH başçısının müvafiq əmrinə əsasən yeni yaradılmış şöbənin müdiri vəzifəsinə 1977-ci il təvəllüdlü, 2008-ci ildə Tərtər istiqamətində düşmən təxribatının qarşısının alınması zamanı yaralanmış, həmçinin Zəfərlə başa çatan Vətən müharibəsinin iştirakçısı, polkovnik-leytenant Hüseynov Elmar Etibar oğlu təyin edilmişdir. O, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etdiyi illərdə Qüsursuz xidmətə görə 1-ci dərəcəli medalı, Qüsursuz xidmətə görə 2-ci dərəcəli medalı, Qüsursuz xidmətə görə 3-cü dərəcəli medalı, Silahlı Qüvvələrin 10 illik Yubiley medalı, Silahlı Qüvvələrin 90 illik Yubiley medalı, Silahlı Qüvvələrin 95 illik Yubiley medalı, Silahlı Qüvvələrin 100 illik Yubiley medalı, həmçinin, Vətən müharibəsində Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.
“Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin böyük məsləhətçisi vəzifəsinə isə 1987-ci il təvəllüdlü, Vətən müharibəsində sol ayağını itirmiş kapitan İslamov Qurbanəli Məzahir oğlu təyin edilmişdir. O, Qüsursuz xidmətə görə 3-cü dərəcəli medalı, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etdiyi illərdə Silahlı Qüvvələrin 95 illik Yubiley medalı, Silahlı Qüvvələrin 100 illik Yubiley medalı, həmçinin, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Vətən müharibəsində Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə “Cəsur döyüşçü” medalı, Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
RİH başçısı Əziz Əzizov Vətən müharibəsində böyük hünər, qəhrəmanlıq göstərən hər iki hərbi qulluqçunu qəbul edərək onlara yeni fəaliyyətlərində uğurlar, dövlətə və dövlətçiliyə hər zaman sadiq olmağı arzu edib. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə iştirakçılarına qayğısından bəhs edən RİH başçısı yaradılan şöbənin şəhid ailələrinin, müharibə iştirakçılarının sosial rifah halının yaxşılaşdırılmasına, problemlərinin həllinə xidmət edəcəyini bildirib.
Göstərilən etimada görə Ali Baş Komandan cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirən Elmar Hüseynov və Qurbanəli İslamov yeni fəaliyyətlərində üzərilərinə düşən vəzifələri qərəzsiz, vətənin mənafeyi naminə həyata keçirəcəklərini və bu istiqamətdə görülmüş işlərə öz töhfələrini verəcəklərini söyləmişlər.