Xalqımıza qələbə sevincini bəxş edən və bu yolda canından, qanından keçən igid Vətən oğullarımızdan biri Şəhidimiz İslamlı Ruhid Uğur oğlu yaşasaydı bu gün 22 yaşı tamam olacaqdı.
01 aprel 2021-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət xanım Həsənova, Sevinc xanım Fətəliyeva, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHBA-nın şöbə müdirləri 1999-cu ilin bu günündə dünyaya göz açan Şəhidimiz İslamlı Ruhid Uğur oğlunun məzarını ziyarət etmiş, ruhuna dualar oxunmuş və onun əziz xatirəsi ehtiramla yad edilmişdir. Həmçinin, Şəhidin ilə üzvlərinə baş çəkərək ərzaq yardımı göstərilmişdir.
Şəhidlərimizə olan hörmət və ehtiramını bildirən RİH başçısı Əziz Əzizov Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun gücünün, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətinin gələcək nəsillər üçün örnək olduğunu vurğulamışdır.
Qeyd edək ki, Ruhid İslamlı ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif olunub.