Suraxanı rayonunda Abbasqulu Ağa Bakıxanovun 220 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir
08 iyul 2014-cü il tarixdə Suraxanı Rayon İcra Hakimiyyəti AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu ilə birgə Abbasqulu Ağa Bakıxanovun 220 illiyinə həsr olunmuş yubiley tədbiri keçirmişdir. Yubiley tədbirində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm, Təhsil Nazirliklərinin, elmi müəssisələrin nümayəndələri, alimlər, Milli Məclisin deputatları, rayon ziyalıları iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Suraxanı rayonunun Əmircan kəndində anadan olmuş Abbasqulu Ağa Bakıxanovun adını daşıyan parkda aparılmış əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olmuş, Abbasqulu Ağa Bakıxanovun parkda ucalan büstünü ziyarət etmişlər.
Parkda aparılmış abadlıq işləri barədə məlumat verən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında” 12 fevral 2014-cü il tarixli Sərəncamının Suraxanı rayonunda icrasını təmin etmək məqsədi ilə müvafiq Tədbirlər Planı hazırlanmışdır.
Tədbirlər Planına uyğun olaraq Abbasqulu Ağa Bakıxanov adına parkda geniş abadlıq işləri həyata keçirilmiş, burada qəsəbə sakinlərinin istirahəti, uşaqların əylənməsi üçün əlverişli şərait yaradılmış, Abbasqulu Ağa Bakıxanovun parkda büstü qoyulmuşdur.
Rayon rəhbəri Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Suraxanı ilə bağlı dediyi sözləri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır: “Suraxanı torpağı Azərbaycana, Azərbaycan xalqına böyük insanlar yetişdirmişdir.”
Həqiqətən Suraxanı torpağı Azərbaycana çoxlu sayda böyük insanlar bəxş etmişdir. Abbasqulu Ağa Bakıxanov da onların sırasında öndə gedir.
İlqar Abbasov xüsusi vurğulamışdır ki, belə dahi şəxsiyyətlər qədirbilən xalqımız, dövlətimiz tərəfindən heç vaxt unudulmur.
Ulu Öndərin apardığı uğurlu siyasətin tərkib hissələrindən olan mədəniyyət siyasəti bu gün Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla davam etdirilir.
Parkda incəsənət ustalarının ifasında Abbasqulu Ağa Bakıxanovun sözlərinə yazılmış musiqi nömrələri səslənmişdir.
Sonra yubiley tədbirinin iştirakçıları Ulu Öndərin Suraxanı rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, Heydər Əliyev Mərkəzi ilə tanış olmuş, Abbasqulu Ağa Bakıxanovun və onun haqqında yazılmış əsərlərin nümayiş olunduğu kitab sərgisi ilə tanış olmuşlar.
Proqram çərçivəsində Mərkəzin Elektron lektoriya zalında Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinə həsr olunmuş konfrans öz işinə başlamışdır. Konfransı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, tarixçi, şair, maarifçi Abbasqulu Ağa Bakıxanov 1820-1830-cu illərdə çar Rusiyası ordusunda qulluq edib, Türkmənçay və Gülüstan müqavilələrinin(1828) imzalanmasında tərcüməçi kimi iştirak edib. 1841-ci ildə yazdığı "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub. "Qüdsi" təxəllüsü ilə şeirlər yazıb.
Abbasqulu Ağa Bakıxanov elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir irs yaratmışdır. Xalqın həyatında əsaslı dəyişikliklərə yol açmış maarifçilik ideyalarının bərqərar olmasında onun mühüm xidmətləri vardır. Azərbaycanın tarixi keçmişinin müasir dünya elmi səviyyəsində yeni, sistemli tədqiqi mərhələsi Bakıxanovun adı ilə sıx bağlıdır. Abbasqulu Ağa Bakıxanov tarix, fəlsəfə, astronomiya, coğrafiya, qrammatika, etika, ilahiyyata dair qiymətli əsərlər, Azərbaycan və fars dillərində şeirlər yazmış, maarifçiliyin inkişaf etdirilməsi, Azərbaycanda Şərq və Avropa mədəniyyətlərinin birləşməsi, keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyulması sahəsində Mirzə Fətəli Axundzadənin sələfi olmuşdur.
İlqar Abbasov qeyd etmişdir ki, qədim mədəniyyət diyarı olan vətənimiz bu gün öz inkişaf tempinə görə qabaqcıl ölkələrlə yanaşı addımlayır. Azərbaycanımız bütün sahələrdə olduğu kimi mədəniyyətin tərəqqisi sahəsində də əsaslı nailiyyətlər əldə etmişdir. Ölkəmizin dünyada tanıdılmasında, xalqımızın mənəvi dəyərlərinin qorunub inkişaf etdirilməsində, eləcə də, mədəni irsimizin gələcək nəsillərə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən davamlı tədbirlər bunu bir daha təsdiq edir. Cənab İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 11 il ərzində mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın əsl himayədarı olmuş, öz Fərman və Sərəncamları ilə bu inkişafa güclü stimul yaratmışdır.
Rayon rəhbəri xüsusi vurğulamışdır ki, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə öz layiqli töhfələrini verir, xalqın milli mədəniyyətinin, milli-mənəvi dəyərlərinin təbliğində müstəsna rol oynayır.
Konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Yaqub Mahmudov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin 1-ci müavini Vaqif Əliyev, Azərbaycan RespublikasıTəhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycanda Atarürk Mərkəzinin direktoru, Milli Məclisin deputat, professor Nizami Cəfərov, Milli Məclisin deputatları Musa Quliyev, İlham Məmmədov, Sevinc Fətəliyeva, Ağacan Abiyev, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş elmi işçisi, dosent Gülzar İbrahim qızı, A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları Hacı Həsənov, Sevinc Mustafayeva, Elçin Qarayev, Nərminə Əmirbəyova Abbasqulu Ağa Bakıxanovun çoxsahəli fəaliyyəti haqqında maralı məruzələrlə çıxış etdilər. Çıxışlarda Abbasqulu Ağa Bakıxanovun fəaliyyəti haqqında maraqlı məlumatlar verildi, onun dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və sair elmlərə aid əsərləri konfrans iştirakçılarının diqqətinə çatdırılmaqla yanaşı xüsusi vurğulandı ki, Ulu Öndər Heydər Əliyevin mədəniyyətin inkişafı ilə bağlı ölməz ideyaları onun layiqli varisi - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla həyata keçirilir.
Abbasqulu Ağa Bakıxanov nəslinin nümayəndəsi, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının xalq artisti Tofiq Bakıxanov mədəniyyətimizə göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirdi.
Konfransın işini yekunlaşdıran Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir.
Ölkəmizdə görülən işlər və reallaşan layihələr Azərbaycan mədəniyyətinə dövlət qayğısını bir daha nümayiş etdirir.
Bütün bunların əsasında isə Heydər Əliyev siyasəti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğısı durur.