Suraxanıda “26 iyun-Silahlı Qüvvələr Günü” qeyd edildi
25 iyun 2014-cü il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı rayon Gənclər və İdman İdarəsinin, rayon ictimaiyyətinin nümayəndələri “26 iyun-Silahlı Qüvvələr Günü” münasibəti ilə rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin qonağı olmuşlar.
Şəxsi heyətlə görüşdə hərbi hissənin komandiri polkovnik-leytenant Samir İsayev bayram münasibərti ilə əsgərləri təbrikə gəlmiş Suraxanı rayon nümayəndələrini salamlamış, şəxsi heyətin xidmət və döyüş hazırlığı, əldə etdiyi uğurlar haqqında məlumat vermişdir. Hərbi hissənin komandiri Suraxanı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə bayram tədbirinin təşkilinə görə minnətdarlığını bildirmiş, keçirilən bu tədbirin hərbiçilərə ruh yüksəkliyi, bayram sevinci bəxş etdiyini vurğulamışdır.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə Rayon İcra Hakinmiyyətinin başçısı İlqar Abbasovun adından şəxsi heyəti, ordumuzun bütün əsgər və zabitlərini təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulamışdır.
Barxudar Barxudarov xüsusu vurğulamışdır ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir. RİH rəsmisi hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və ölkə rəhbərinin apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan Azərbaycan torpaqlarının tezliklə azad ediləcəyinə əmin olduğunu bildirmişdir.
Rayonun Qurban Abbasov adına Mədəniyyət sarayının bədii kollektivi əsgərlərimiz üçün bayram konserti verərək onlara unudulmaz dəqiqələr bəxş etmişlər.