Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün, 23 fevral 2021-ci il tarixdə Şəhidimiz Qasımlı Muxtar Əli oğlu doğum günündə anıldı

23 fevral 2021 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Suraxanı Rayon Prokuroru Rəşid Mahmudov və RİHBA-nın şöbə müdirləri mənfur düşmənə qarşı şücaətlə vuruşaraq öz həyatını qurban edən Şəhidlərimizdən Qasımlı Muxtar Əli oğlunun ailəsinə baş çəkərək, onların qayğıları ilə maraqlanmış və ərzaq yardımı göstərmişlər. Həmçinin, inşa edilmiş qəbirüstü xatirə kompleksində məzarını ziyarət edərək Şəhidin ruhuna dualar oxunmuşdur.
Ali Baş Komandan cənab İlham Əliyevin dönməz iradəsi və ağıllı, düşünülmüş rəhbərliyi, ordumuzun məğlubedilməzliyi, hünəri və qətiyyəti sayəsində, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan Şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirmişdir ki, hər bir Şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir. Hər kəs bu əmanətə hörmət etməyə, qayğı göstərməyə çalışmalıdır. 
Erkən yaşlarından idmanla məşğul olaraq böyük nailiyyətlər qazanan, həmçinin 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülən Muxtar Qasımlı düşmən təxribatları başlayan ilk günlərdən etibarən heç bir tərəddüd etmədən cəbhəyə yollanmış və qaynar döyüşlərin getdiyi Füzuli rayonunun kəndlərinin və strateji yüksəklilərinin azad edilməsi istiqamətində böyük şücaətlə vuruşmuşdur. Hücum əməliyyatında yaralanmasına baxmayaraq, döyüşə davam edib qəhrəmancasına şəhadət zirvəsinə yüksəlmiş Şəhidimizin inanırıq ki, bu gün ruhu şaddır. Məhz belə vətənpərvər gənclərimizin canı-qanı bahasına bu gün Qarabağımız azaddır.
Qeyd edək ki, Şəhidimiz Muxtar Qasımlı ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “ Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Keçidlər