Bu gün, 19 fevral 2021-ci il tarixdə Şəhidimiz Səmədli Elşən Bayram oğlu doğum günündə anıldı
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin birinci müavini Rəşad Hacıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Çingiz Kiçibəyov və RİHBA-nın şöbə müdirləri Şəhidimiz Səmədli Elşən Bayram oğlunun doğum günündə onun ailəsinə baş çəkmiş və ərzaq yardımı göstərmişlər. Həmçinin, dəfn olunduğu Əmircan qəsəbəsi, Şəhidlər Xiyabanında məzarını ziyarət edərək ruhuna dualar oxunmuş, əziz xatirəsi ehtiramla yad edilmişdir.
Şəhid Elşən Səmədlinin ailəsinin qayğıları ilə maraqlanan RİH başçısı Əziz Əzizov bildirmişdir ki, Vətən və millət yolunda canından keçməyə hazır olanların fəth etdiyi ən yüksək, ən şərəfli zirvədir Şəhid olmaq. Və hər bir Şəhid ailəsi bu məqama ucalan mərd oğullarımızın bizlərə əmanətidir. Onlara dəstək olmaq hər birimizin borcudur.
2016-cı il Aprel döyüşlərində də iştirak edən Elşən Səmədli könüllü olaraq Vətən müharibəsi döyüşlərinə yollanmış, Füzuli, Qubadlı və Zəngilan cəbhələrində qəhrəmancasına vuruşmuşdur. Ailə üzvləri Şəhidin döyüş yolundan bəhs edərkən bildirmişdirlər ki, onun arzusu həmişə əfsanə olmaq, dastan yazmaq, unudulmamaq idi. İllərdir gözlədiyi fürsət əlinə düşmüşdü və Elşən tapdaq altında olan torpaqları mənfur düşməndən təmizləmək üçün qanından, canından keçməkdən saniyə belə olsa tərəddüd etmirdi. Haqq yolunda olduğunu çox gözəl dərk edirdi və Şəhid olmaqdan qorxmurdu. Vətənin müdafiəsini özünə vəzifə bilən Elşən üçün ən çətin məqam çiyin-çiyinə vuruşduğu yaralı və Şəhid qardaşlarının döyüş bölgəsindən çıxarılması idi.
Vətən öz şəhidlərini heç zaman unutmur, çünki Vətən Şəhidləri ilə ucalır.
Ruhun şad, məkanın cənnət olsun!