Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “Vətən Müharibəsi-Qarabağ Zəfəri” mövzusunda elmi-praktik konfransın rayon mərhələsi uğurla yekunlaşmışdır.

11 fevral 2021 | 16:00

11 fevral 2021-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Suraxanı Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Suraxanı rayon məktəbliləri arasında Böyük Qələbəmizə həsr olunmuş “Vətən Müharibəsi-Qarabağ Zəfəri” mövzusunda yazı müsabiqəsinin yekunlarına həsr olunmuş elmi-praktik videokonfrans keçirilmişdir.
Konfransda rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, məktəb direktorları, tarix müəllimləri və şagirdlər iştirak etmişdir.
Videokonfrans dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Giriş sözü ilə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov bildirdi ki, Azərbaycan xalqı özünün qədim, zəngin, çoxəsirlik tarixinin ən əlamətdar, ən qürurverici dövrlərindən birini yaşayır. Azərbaycan xalqı böyük lideri, yüksək siyasi iradəyə malik, polad iradəli möhtərəm cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, onun rəhbərliyi ilə əzəli tarixi torpaqlarımızı işğaldan azad etmiş, “Qarabağ yarası, Qarabağ dərdi, Şuşa həsrətini” sona çatdırmışdır. Elmin İmanov vurğuladı ki, “Vətən müharibəsi-Qarabağ zəfəri” mövzusunda keçirilən yazı müsabiqəsi məhz gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, məktəblilərin Azərbaycanın tarixi, igid oğul və qızlarımızın Vətən müharibəsində canlarından keçərək göstərdiyi şücaəti, qəhərmanlığı daima öyrənmək, təbliğ etmək məqsədi daşıyır.
Sonra Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək, “Vətən müharibəsi-Qarabağ zəfəri” mövzusunda keçirilən yazı müsabiqəsinin məsuliyyətli, eyni zamanda qürurverici bir təşəbbüs olduğunu qeyd etdi, Böyük Qələbənin bundan sonra da şagirdlər arasında təbliği və öyrənilməsi məqsədi ilə bundan sonra da mütəmadi olaraq davam edirilməsinin əhəmiyyətini vurğuladı.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva qeyd etdi ki, “Vətən müharibəsi-Qarabağ zəfəri” mövzusunda keçirilən yazı müsabiqəsi şagirdlərimizdə şanlı tariximizə, mədəniyyətimizə, keçmişimizə və işıqlı sabahımıza diqqət və marağı artırmaq, onlara elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib, müəyyən nəticəyə gələ bilmə bacarığı aşılamaq məqsədi daşıyır.
Daha sonra Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Lamiə Cabarova Vətən müharibəsi-Qarabağ zəfəri” mövzusunda keçirilən yazı müsabiqəsinin şərtləri və mərhələləri barədə geniş məlumat verərək qeyd etdi ki, Müsabiqənin ilkin mərhələsi rayon ərazisində fəaliyyət göstərən 35 məktəbin hər birinin iştirakı ilə 8-20 yanvar 2021-ci il tarixlərində təşkil olunaraq, yekunlaşmışdır. Onlayn formatda keçirilən məktəbdaxili müsabiqələrdə hər məktəbdən 3-4 nəfər olmaqla, ümumilikdə 107 nəfər şagird ikinci mərhələdə iştirak etmək hüququ qazanmışdır. Müsabiqənin şərtlərinə uyğun olaraq hər məktəbdən 8-11-ci sinif şagirdləri təqdim olunan istənilən mövzudan birini seçərək, araşdırma aparmış və müsabiqəyə hazırlaşmışdır. Çıxışın 3-4 səhifədən ibarət olması, mövzuya uyğun foto şəkillərin yerləşdirilməsi, internet və digər resurslardan yalnız məlumat üçün istifadə edilməsi əsas şərtlərdən hesab olunmuşdur.
Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsində təşkil olunmuş müstəqil komissiya üzvləri tərəfindən müsabiqənin ikinci mərhələsinə vəsiqə qazanan 107 nəfər şagirdin təqdimat çıxışları ilə vizual olaraq tanış olmaq üçün əvvəlcədən göndərilmiş 2-3 dəqiqəlik video çəkilişlərə də nəzər yetirilmiş, münsiflər heyətinin ümumi qərarı ilə 20 nəfər şagirdin yazı təqdimatı ikinci mərhələyə keçmək üçün uğurlu hesab olunmuşdur.
Yekun olaraq, rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin, məktəb rəhbərliklərinin, münsiflər heyətinin və 20 nəfər şagirdin iştirakı ilə 05 fevral 2021-ci il tarixində keçirilmiş onlayn müsabiqənin rayon mərhələsində 20 nəfər şagirdin yazı təqdimatları bir daha dinlənilmiş, ümumilikdə 6 mövzu üzrə 10 nəfər şagird seçilərək yekun elmi-praktik konfransda iştirak etmək hüququ qazanmışdır.
Daha sonra müsabiqənin seçim mərhələləri nəticəsində fərqlənən 10 məktəbli hazırladıqları təqdimatlarla çıxış edərək işlərini təqdim etdilər. Müsabiqənin yekun mərhələsi nəticəsində fərqlənən 3 məktəbli, (Abil Səfərov adına 114 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Daşdəmirova Fidan Füzuli qızı, 279 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Bayramova Leyla Ələddin qızı, Elçin Qaranzadə adına 270 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əliyeva Ətirə Xanhüsen qızı) rayonumuzu Bakı şəhəri üzrə keçiriləcək geniş elmi-praktik konfransda təmsil edəcəklər.
Müsabiqədə fərqlənən iştirakçılara Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən xatirə hədiyyələri təqdim olunacaqdır.

Keçidlər