Suraxanı rayonunda şəhid ailələri ziyarət olunur
Fevralın 11-də növbəti dəfə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri və Aparatın əməkdaşları Vətən uğrunda haqq savaşının qəhrəmanı, ömrünü Vətənə fəda edən Şəhidimiz kapitan Noçiyev Surxay Əbdül oğlunun ailə üzvlərini ziyarət ediblər.
RİH başçısı Əziz Əzizov Ali Baş Komandan cənab İlham Əliyevin siyasəti nəticəsində düşmən tapdağındakı torpaqlarımızın azad olunmasında şücaət göstərərək Şəhidlik zirvəsinə ucalan Surxay Noçiyevin timsalında bütün Şəhidlərimizin ruhunu ehtiramla yad edərək onlara Allahdan rəhmət diləyib.
Döyüşlər başlayan ilk gündən Surxay Noçiyev uzun illərdir havasına, dağına-daşına həsrət qaldığımız doğma torpaqlarımızın işğaldan azad edilməsində böyük qəhrəmanlıq göstərib. Sonuncu döyüşü də Qarabağın incisi sayılan Şuşada olub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra Surxay Noçiyevə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Allahdan bütün Şəhidlərimizə rəhmət, onların yaxınlarına səbr diləyirik.