Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda 2011-ci ilə yekun vurulmuşdur

21 fevral 2011 | 16:00

21 fevral 2012-ci il tarixdə Suraxanı rayon İcra Hakimiyyətində 2011-ci ilin yekunları və 2012-ci ildə görüləcək işlər müzakirə olunmuşdur. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ümummilli Liderin ucalan abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuş, sonra Heydər Əliyev parkının "Gənclər bağçası"nda "Leylandii" ağacları əkmişlər.Bununla da rayonda ağacəkmə kompaniyasına start verilmişdir.

Daha sonra tədbir iştirakçıları əməkdar rəssam, rayon sakini Qəyyur Yunusovun Heydər Əliyev mərkəzində sərgilənən əsərlərinə baxmış və RİH-in Rəsm qalareyasında "Suraxanı 8 ildə" adlı fotosərgi və ötən ilin iqtisadi göstəricilərini əks etdirən stendlərlə ilə tanış olmuşlar. Foto sərgidə 2003-2011-ci illərdə rayonda aparılmış abadlıq-quruculuq işləri nümayiş etdirilmişdir.

RİH-in akt zalında keçirilən hesabat yığıncağında ölkədə aparılan genişmiqyaslı işlər haqqında film və slaydlarla rayonda aparılmış abadlıq-quruculuq işləri göstərildikdən sonra hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov məlumat verilmişdir ki, qəbul edilmiş Dövlət proqramlarının icrası ilə əlaqədar Suraxanı rayonunda ötən il ərzində xeyli iş görülmüşdür. Rayonun sənaye müəssisələri keçən il 291,6 milyon manatlıq iş yerinə yetirmiş, bir işçinin nominal orta aylıq əmək haqqı 461 manata çatmış, rayonda 2176 yeni iş yerləri açılmışdır.Ümumiyyətlə 2003-2011-ci illər ərzində rayonda 12340 yeni daimi iş yeri açılmışdır.

2011-ci ildə Suraxanı rayonunda həyata keçirilməsi nəzərdə tutulmuş yerli Proqramlar uğurla reallaşdırılmışdır.

Ötən il Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun və Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsinin ətrafında dekorativ divarların tikilməsi, yeni parkların salınması, yolun kənarlarının yaşıllaşdırılması və abadlaşdırılması işləri davam etdirilmişdir. Bu cür tikinti-abadlıq işləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun ətrafında da aparılmışdır. "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğunun ətrafının abadlaşdırılmasına başlanılmışdır. Heydər Əliyev prospektini "Atəşgah" məbədi ilə birləşdirən S.Bəhlulzadə və V.Balandin küçələrində yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarının təmir olunaraq rənglənməsi işləri davam etdirilmişdir. Hövsan qəsəbəsində doqquz çoxmərtəbəli yaşayış binalarında 10,4 min kvadratmetr yeni dam örtüyü vurulmuşdur.

2011-ci ildə 425,7 min m2 asfalt örtüyü salınmış, 26,5 min poqonometr yeni kanalizasiya xətti, 225,5 min poqonometr qaz xətti çəkilmişdir.

Bülbülə gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə layihə hazırlanmış və artıq işə başlanılmışdır. Layihəyə əsasən Bülbülə gölünün suyu yeraltı tunel vasitəsi ilə Hövsan aerasiya stansiyasına gedən şəhər kollektoruna axıdılacaq, gölün ətrafındakı nasosxanalar yığışdırılacaqdır.

Dövlət Proqramına əsasən Bülbülə qəsəbəsində 640 şagird yerlik yeni məktəb binasının tikintisi və Yeni Günəşli yaşayış sahəsində yeni parkın salınması işləri uğurla davam etdirilir.Qaraçuxur qəsəbəsində Neftçilər parkının ərazisi hasarlanmış və layihəyə uyğun təmir işlərinə başlanılmışdır.

Heydər Əliyev Fondu tərəfindən Yeni Günəşli yaşayış massivində "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi" inşa edilmişdir.

Rayonun 5 məktəbi, 6 uşaq bağçası, 1 uşaq musiqi məktəbi əsaslı təmir olunmuş, 4 məktəb üçün sinif otaqları (cəmi 1640 şagird yerlik 4 əlavə tədris korpusu) tikilmişdir. 89 saylı məktəbdə bərpa-gücləndirmə işləri, 12 əlavə sinif otağının və 85 saylı məktəb üçün 480 şagird yerlik əlavə tədris korpusunun tikintisi davam etdirilir.

Hövsan qəsəbəsində uşaq poliklinikası, südçülük sovxozunda həkim məntəqəsi, Əmircan qəsəbəsində rayon baytarlıq məntəqəsi üçün inzibati binalar tikilmiş, 3 səhiyyə müəssisəsi əsaslı təmir edilmiş, müasir avadanlıq və inventarla təchiz olunmuşdur.

Hövsan qəsəbəsində Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 81 mənzilli 9 mərtəbəli yaşayış binası inşa edilir.

Kiçik və orta sahibkarlığın inkişafı istiqamətində İqtisadi İnkişaf Naziriyinin "Sahibkarlığa Kömək Milli Fondu" ilə birgə görüş keçirilmiş, rayondan olan 15 sahibkarlıq subyektinə 2,155 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir.

Məşğulluq Mərkəzi tərəfindən 951 nəfər müraciət etmiş vətəndaşdan 445 nəfəri işlə təmin olunmuş, 58 nəfər müxtəlif peşələr üzrə ixtisasartırma kurslarına göndərilmişdir.

Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rayon şöbəsi tərəfindən il ərzində 649 ailəyə yeni sosial müavinət, 2954 ailəyə ünvanlı sosial yardım təyin edilmiş, bütövlükdə il ərzində 4 milyon manat məbləğində sosial müavinət və 5,3 milyon manat məbləğində sosial yardım ödənilmişdir.

Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən ötən il 18487 nəfərə yaşa görə, 6389 nəfərə əlilliyə görə və 2116 ailəyə ailə başçısının itirilməsinə görə xidmət göstərilmiş, 26992 nəfər təqaüdçüyə 42,6 milyon manat vəsait ödənilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyeyevin tövsiyəsinə uyğun olaraq rayon icra hakimiyyəti və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə rayon əhalisinin tibbi müayinəsi təşkil edilmiş, 192 min nəfər rayon sakini tibbi müayinədən keçmiş və bu iş uğurla yekunlaşmışdır.

2011-ci ildə 2070 nəfər sakinin iştirakı ilə 38 səyyar görüş-qəbul keçirilmişdir.

Rayon icra hakimiyyətində vətəndaşların qəbuluna xüsusi diqqət yetirilmişdir. Belə ki, 2011-ci ildə ümumilikdə 5103 nəfər, o cümlədən RİHB-i tərəfindən 1784 nəfər vətəndaş qəbul edilmişdir.

İl ərzində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı yanında 10 Şura iclası keçirilmiş, 26 məsələyə baxılmışdır.RİH-in internet saytı ilə bu günə kimi 321 min nəfər internet istifadəçisi tanış olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə keçirilən "Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları" adlı beynəlxalq konfrans iştirakçılarının rayona səfəri də yaddaqalan hadisəyə çevrilmişdir. Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Polşa, Litva, Estoniya və Ukraynanın dövlət idarəçilik akademiyalarının, institutlarının və elmi mərkəzlərinin rəhbərlərinə rayon haqqında ətraflı məlumat verilmişdir. Qonaqlara rayon icra hakimiyyətinin işində, xüsusilə kargüzarlıq sahəsində "Elektron İcraçı" Avtomatlaşdırılmış İdarəetmə Sistemi proqramının tətbiqi haqqında ətraflı danışılmış, proqramın üstünlükləri və səmərəsi əyani şəkildə nümayiş etdirilmişdir. Daha sonra Heydər Əliyev mərkəzi ilə tanış olan qonaqlara ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərilə bağlı materiallar, fotoşəkillər və eksponatlar barədə məlumat verilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov geniş məruzəsində 2011-ci ildə qazanılan nailiyyətlərlə yanaşı, qarşıda duran vəzifələri və onların həlli yollarını diqqətə çatdırdı.

İ.Abbasov çıxışının sonunda rayon sakinləri və əmək kollektivləri adından Suraxanı rayonuna daim diqqət və qayğı göstərdiyinə görə, böyük qətiyyətlə ölkəmizi irəliyə aparan Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi və əmin etdi ki, həmişə olduğu kimi cənab Prezudentin ətrafında sıx birləşərək, Azərbaycanın tərəqqisi və iqtisadi qüdrətinin möhkəmləndirilməsi naminə üzərimizə düşən vəzifələrimizi layiqincə yerinə yetirəcəyik.

Məruzə ətrafında Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatı Ağacan Abıyev və digərləri çıxış etdilər.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmiş rayon sakinləri Qəyyur Yunusova və Vasif Rəhimova medallar təqdim edilmiş, rayonda aparılan abadlıq-quruculuq işlərində və rayonun ictimai həyatında fəal iştirak etmiş müəssisə və şəxslər Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və Təşəkkürnamə ilə təltif edildilər.

Sonda Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevə yığıncaq iştirakçılarının ünvanladığı müraciətin mətni oxundu.

Keçidlər