Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan və Türkmənistan dövlətlərinin siyasi sahədəki uğurları iqtisadi sahəyə olan inteqrasiyasını genişləndirir

27 yanvar 2021 | 16:00

Bildiyimiz kimi yanvar ayının 21-də “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu “ imzalanmışdır.
Əslində sözügedən yataqda kəşfiyyat işlərinə ötən əsrin 80-cı illərində başlanılmalıydı. O vaxtı bu yataq Azərbaycan neftçiləri tərəfindən kəşf edilmişdi və “Kəpəz” adlandırılmışdı. Türkmənistan tərəfi isə bu yatağı “Sərdar” adlandırmışdı. Müzakirələrə başlansada sonradan Xəzərin statusu, dibinin bölünməsi ilə əlaqədar bəzi mübahisəli məsələlər örtaya çıxdığı üçün, bu layihənin işlənməsi dayandırılmışdı. O vaxtın hesablamalarına, qiymətləndirmələrinə görə yataqda 50 milyon ton neft, 30 milyard kubmetr mavi qaz ehtiyatı var idi. İndiki qiymətləndirməyə görə bu yataqda neft ehtiyatının 100 milyon ton olması ehtimal olunur. Əgər tarixə nəzər salsaq, karbohidrogen ehtiyatlarının kəşfiyyatı zamanı hesablanmış rəqəmlər, istismar zamanı nəzərdə tutulandan artıq olmuşdur. Ona görə də bu yatağın mənimsənilməsi zamanı nəzərdə tutulan ehtiyatlar daha çox ola bilər. Deməli bu hər iki ölkənin potensialından düzgün istifadə edərək, iqtisadi sahənin uğurlarını daha da genişləndirmək deməkdir.
Əlbəttdə ki, bu nəaliyyət həm Azərbatcan Respublikasının Prezidenti İlham Əliyevin, həm də Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədovun irəli sürdükləri uğurlu siyasətin nəticəsidir. Bu sahədəki birgə iş ilk növbədə ölkələrimizin, xalqlarımızın daha da yaxınlaşmasına, rifah halının yaxşılaşmasına, iqtisadi sahədə böyük nəaliyyətlərə səbəb olacaqdır.
Azərbaycan Avropada Enerji Təhlükəsizliyinin təminatçısı sayılır. İndiki halda Azərbaycan və Türkmənistanın birgə layihəsi olan “Dostluq” yatağının işlənib istismara buraxılmasından sonra karbohidrogen ehtiyatlarının tranzit yolu ilə Azərbaycandan keçərək ixrac boru kəmərləri ilə Avropaya və digər ölkələrə çatdırılmasında bu təminatın əhatə dairəsini bir daha genişləndirəcəkdir. Bunu da qeyd etmək lazımdır ki, Türkmənistan dünyada ən çox təbii qaza sahib olan 4-cü ölkədir. Gələcəkdə türkmən qazının da Cənub Qaz Dəhlizi layihəsinə qoşulması, həm Türkmənistan, həm də Azərbaycan üçün əlavə gəlirlərə səbəb ola bilər.
İmzalanmış Memorandum Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat- kommunikasiya sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoymasının çox önəmli olmasını özündə əks etdirir. Bu layihə ixrac üçün böyük imkanlar açır. Ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradır.
Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, bu gün sadəcə Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanmır, eyni zamanda, münasibətlərimizin gələcək uğurlu inkişafında çox mühüm addım atılır. Bu həm də Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.
Azərbaycanla Türkmənistanın “Dostluq” yatağında aparacaqları birgə işlər və gələcəkdə alınacaq uğurlu nəticələr onu göstərir ki, Azərbaycanın Xəzəryanı ölkələrlə geniş əməkdaşlıq münasibətləri mövcuddur. Bu uğurlu əməkdaşlığın arxasında nəticə etibarı ilə Möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik, uzaqgörən, humanist, ədalətli, prinsipial, sülh məramlı siyasəti dayanır.
Beləliklə, Azərbaycan və Türkmənistan arasında imzalanmış memorandum iki dövlət arasında olan qardaşlığın və dostluğun bariz nümunəsidir.

“Suraxanı maşınqayırma zavodu” ASC-nin İcraçı Direktorunun köməkçisi, böyük hüquq məsləhətçisi Məşkur Mirzəyev

Keçidlər