Şriftin ölçüsü :

Saytın rəngi :

“İmzalanmış sənəd ancaq birgə fəaliyyəti, əməkdaşlığı deyil, qardaşlıq, dostluq münasibətlərinin xarakterini və ruhunu da əks etdirir!”

27 yanvar 2021 | 16:00

Ölkəmiz hər zaman öz sülhsevərliyi ilə fərqlənir. Qonşu ölkələrimizlə hər zaman dostluq, əməkdaşlıq münasibətləri qurmağa can atmağımız təqdirəlayiqdir. 1989-cu ildə Azərbaycan neftçiləri tərəfindən Xəzər dənizində “Kəpəz” neft yatağı aşkar edilib. Bu yataq Türkmənistanla su sərhəddində yerləşdiyinə görə istifadə edilməmişdir.Uzunmüddətli danışıqlar vasitəsilə yataqdan istifadə, pesrspektiv, əməkdaşlıq müzakirə olunmuşdur. Son nəticə olaraq, hər iki dövlətin təşəbbüsü ilə əməkdaşlığın rəsmiləşdirilməsi ilə əlaqədar görüş keçirilmiş, millətlərarası dostluğun daha da möhkəmlənməsinə səbəb olmuşdur.
Videokonfrans zamanı İlham Əliyevin “Salam, əziz qardaş!”-deyib, salamlaması, Türkmənistan Prezidenti cənab Qurbanqulu Berdiməhəmmədovun isə “Əssəlamun aleykum, qardaş!”-deyə cavab veməsi aradakı  qarşılıqlı səmimi münasibətdən xəbər verirdi. 
“Xəzər - mehriban qonşuluq dənizi”. Bu fikir bir neçə gün əvvəl İlham Əliyev və Qurbanqulu Berdirməhəmmədov arasında keçirilən görüşdə Türkmənistanın Prezidenti tərəfindən səsləndirilib. İki ölkənin Xəzərdəki ortaq neft yatağı “Dostluq” yatağı adlandırılması  da Azərbaycan və Türkmənistan əlaqələrini izah etməkdə yetərlidir.
Sazişin imzalanmasını fəaliyyətin başlamasından çox, uzunmüddətli əməkdaşlığın nəticəsi kimi qiymətləndirmək istəyərdim. Siyasi hadisələrin xronologiyasına nəzər yetirsək görərik ki, son üç il ərzində Türkmənistan və Azərbaycan Prezidentləri arasında beş qarşılıqlı səfər olmuş, 50-dən çox sənəd imzalanmışdır. Bu həqiqətən də Prezidentimizin vurğuladığı kimi tarixi sənəddir, çünki Azərbaycan və Türmənistan ilk dəfə Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə fəaliyyətə başlayır. Birgə fəaliyyət həm Azərbaycan, həm də Türkmənistanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində, yeni ixrac imkanlarının yaranmasında mühüm rol oynayacaq.
İmzalanmış sənəd ancaq bigə fəaliyyəti, əməkdaşlığı deyil, qardaşlıq, dostluq münasibətlərinin xarakterini və ruhunu da əks etdirir. İlham Əliyevin fikirlərinə istinad edərək bildirirəm ki, iki ölkə arasında bütün səviyyələrdə, ən əsas da prezidentlər səviyyəsində sıx siyasi qarşılıqlı fəaliyyət var. Beynəlxalq strukturlarda ölkələrin biri-birini dəstəkləməsi də bunu sübut edir.
Təbii ki, Türkmənistan və Azərbaycan arasındakı mövcud əməkdaşlıq digər qonşu ölkələr üçün də böyük perspektivlər açır. Buna nümunə olaraq nəqliyyat sahəsindəki əməkdaşlığı göstərə bilərik. Türkmənistanla nəqliyyat əlaqələrimizin olması, limanların fəaliyyət göstərməsi bizi yanlız Türkmənistanla deyil, həmçinin Asiya ölkələri ilə də birləşdirir. İlham Əliyev görüşdə bildirmişdi ki, nəqliyyat sferası da enerji sferası kimi ölkələri birləşdirir.
Bəşəriyyət olaraq çətin günlərdən keçdiyimiz vaxtda bizim parlaq qələbə çalmağımız milli mənəvi ruhumuzu möhkəmləndirdiyi kimi, iqtisadiyyatımızı da gücləndirəcəyinə əminəm. Belə ki,  həmin ərazilərdə, sözün əsl mənasında ölkəmizin cənnət guşələrində yenidənqurma həyata keçiriləcək, nəqliyyat infrastrukturu yüksəldiləcək, yeni yollar çəkiləcək. Bütün bu yeniliklər nəqliyyat sferasında Türkmənistanla olan əlaqəlirimizi genişləndirəcək, qonşu ölkələr üçün də böyük imkanlar yaradacaq.
Görüşün ümumi nəticəsi olaraq demək mümkündür ki, Türkmənistan və Azərbaycan əməkdaşlığı uzunmüddətli dövrdə müsbət nəticələr vəd edir. İki ölkə arasında birgə fəaliyyətdən başqa, mövcud olan dostluq, qardaşlıq münasibətləri bunu sübut edir.

Suraxanı rayonunun fəal gənci Elmira Qasımzadə

Keçidlər