Şriftin ölçüsü :

Saytın rəngi :

Yerli istehsalın sürətli inkişafı iqtisadiyyatımızı daha da gücləndirir

21 yanvar 2021 | 16:00

Bir neçə gün əvvəl Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları da tədbirlərdə iştirak edib.
Hamıya bəllidir ki, sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Cənab Prezident açılış zamanı yerli istehsalın son illər daha da canlanmasını, yeni iş yerlərinin yaradılmasını və iqtisadiyyatın daha da şaxələndirilməsini xüsusi olaraq vurğulayıb.
Məlum olduğu kimi, son 17 ildə İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət və islahatlar dövrün çağırışlarına uyğun inkişaf modelinin tətbiqinə, biznes və investisiya mühitinin yaxşılaşdırılmasına, iqtisadiyyatın modernləşdirilməsi və şaxələndirilməsinə, makroiqtisadi sabitliyin və maliyyə dayanaqlığının təmin edilməsinə möhkəm zəmin yaradıb. Bu siyasət sayəsində ölkəmizin əldə etdiyi inkişaf dinamikası dünyada çox nadir hallarda baş verir. Araşdırmalar göstərir ki, 2004-2020-ci illərdə ÜDM real olaraq 3,3 dəfə, sənaye məhsulu 2,6 dəfə, kənd təsərrüfatı məhsulu 1,7 dəfə, əsas kapitala yönəlmiş vəsaitlər 3 dəfə, orta aylıq real əmək haqqı 2,4 dəfə, real pensiyalar 3,2 dəfə artıb, işsizlik 1,6 dəfə azalıb, yoxsulluq səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2020-ci ilin sonunda 3,1 faiz səviyyəsinə düşüb.
Məlumdur ki, hər bir ölkənin iqtisadi, sosial və siyasi həyatında kənd təsərrüfatı çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, kənd təsərrüfatının inkişafı ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas bazadır. Hansı ölkə öz əhalisini yerli kənd təsərrüfatı məhsulları ilə təmin edə bilmirsə, o, həmin məhsulları maliyyə ehtiyatları imkan verdiyi səviyyədə xarici ölkələrdən idxal etməklə bu məsələni həll etmək məcburiyyətində qalır. Bu da öz növbəsində həmin ölkəni məhsullarını idxal etdiyi ölkələrin iradəsinə tabe etməklə, həm iqtisadi və həm də siyasi cəhətdən onlardan asılı vəziyyətə salır. Belə ölkələr heç vaxt müstəqil siyasət yeridə bilmirlər. Digər tərəfdən kənd təsərrüfatının inkişafı ölkədə kənd təsərrüfatı ilə yanaşı həm də yeyinti, emal, yüngül, maşınqayırma və kimya sənayesinin, habelə ticarət, nəqliyyat və anbar təsərrüfatının və digər sahələrin inkişafını təmin edir.
Məhz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda iqtisadiyyat üçün yeni istiqamətlər formalaşıb. Bu istiqamətlər idxaldan asılılığın azaldılması, qeyri-neft əmtəə və xidmət ixracının genişləndirilməsi, qeyri-neft emal sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması, özəl investisiyaların dominant rolunun təmin edilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və “kölgə iqtisadiyyatı”nın səviyyəsinin minimuma endirilməsindən ibarətdir. Yeni hədəflərə gedən yolda əldə edilmiş ilkin nəticələr müsbətdir. Belə ki, Azərbaycanda koronavirus pandemiyası şəraitində onun iqtisadiyyata təsiri nəzərə alınaraq dərhal çevik dəstək proqramları həyata keçirilib və sahibkarların dəstəklənməsi istiqamətində yeni alətlər təqdim edilib. Bu alətlərə maddi dəstək, vergi güzəştləri və tətilləri, Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi təkmilləşdirilməsi və s. daxildir. Həmçinin dəstək tədbirlərinin davamı olaraq ölkədə xüsusi vergi rejimi təmin edildi və onlar üçün bizneslərini gözləyən risklər minimuma endirildi. Pandemiya şəraitində sahibkarlığın inkişafı və istehsalın dəstəklənməsi üçün kreditləşmə sistemi təkmilləşdirildi. Belə ki, kreditlərin verilməsində yeni sistem yaradıldı və dövlət zəmanəti ilə sürətli kreditlər təqdim edildi. Kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə kreditin müddəti daha 2 il uzadılaraq, kiçik həcmli kreditlər üzrə 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilə artırıldı. Kreditlərin əldə edilməsinin asanlaşdırılması üçün sahibkarların girov qoymaq üçün imkanları genişləndirildi və girov kimi əldə etdikləri avadanlıqların göstərilməsi imkanı yaradıldı. İndi sahibkar 3 il müddətinədək müxtəlif banklardan 3 milyon manatadək məbləğində kredit əldə edə bilər. Həm də bu kreditlər üzrə faizlərin yarısını dövlət subsidiyalaşdırır, yəni faizlərin yarısını dövlət sahibkarın yerinə ödəyir. Kredit üzrə güzəşt müddəti 12 ayadək ola bilər, yəni güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəməlidir. Bu isə sahibkara inkişaf üçün ciddi maliyyə dəstəyidir.
Bir sözlə, dövlətin indi əsas vəzifəsi kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır. Hazırda Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azaldılması üçün ciddi addımlar atılır. Bütün bu tədbirlər, heç şübhəsiz, son nəticədə ölkəmizin iqtisadi inkişafını daha da sürətləndirəcək, Azərbaycanın hərtərəfli inkişafını təmin edəcək.

Deputat köməkçisi Pərvin Mahmudov

Keçidlər