Şriftin ölçüsü :

Saytın rəngi :

Qanlı Yanvar

21 yanvar 2021 | 16:00

Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu.
Bilirsiniz, elə yaralar vardır ki, onlar sağalsa da izləri qalır. Qanlı Yanvar, Qanlı Bazar günü, Xocalı faciəsi, 31 Mart Soyqırımı belə yaralardandır. Sanki bu yaraların izlərinə baxdıqca xalqımın hansı müsibətlərdən keçdiyi göz önündə canlanır. Günlər, aylar, illər keçsə də bu yaralar unudulmayacaq. Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990 -cı ilin  20 Yanvar gecəsini həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. Xoşbəxtlik gələndə zərif yel kimi gəlir, gəlişi də çox bilinmir. Bədbəxtlik isə tufan tək gəlir, uçura-uçura, dağıda-dağıda  gəlir.Özü də bədbəxtliyi heç kəs öz xoşuna seçmir, o özü gəlib bizi tapır. Xalqımızın başına açılan oyunlar kimi, 20 Yanvar kimi:
Şənbə gecəsiydi. Bakıya bərk qar yağdığından Bakı sanki ağ gəlinliyə bürünmüşdü. Ancaq ağ gəlinlik libası geyinmiş Bakı nə biləydi ki, bir gecənin içərisində şəhidlərinin al-qanına boyanıb, qara matəm libası geyinəcək? O gecə dəhşət yaşamışdı Bakı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Al-qanına qərq olmuş Bakıda 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hansı birini deyim? Hansı birini yazım? Qələmim acizdir bu vəhşilikləri təsvir etməkdə. 200 ev və mənzil, 80 avto-maşın, o cümlədən təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həmin gün şəhid olanlar işərisində məktəblilər də var idi. Acınacağlı deyilmi 13-14 yaşlı günahsız məktəblilərin qətlə yetirilməsi?
13 yaşlı Larisa Məmmədova atası ilə birgə avtobusla getdiyi zaman güllə yağışına tutulmuşdu. 13 yaşlı İlqar İbrahimov da həmin gecə Larisa ilə eyni taleyi yaşamışdır. O da güllə yağışına tutulmuşdur. 
Bu məqaləni yazmaq mənim üçün sözlə izah edə bilməyəcəyim qədər çox çətindir. Öz doğma xalqımın amansızlıqla, vəhşiliklə öldürülməsini, qətlə yetirilməsini qələmə alıram. 20 Yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi olaraq həkk olunmuş bir tarixdir. 
Qanlı Yanvar- bu 11 hərfdən ibarət olan söz birləşməsinə necə sığışdıra bilərəm axı vətənimin igid oğullarının, qızlarının qanını? Əslində 20 Yanvar haqqında çox yazsam, bəlkə də hər bir səhifəsini qəhrəmanlıq, vətənpərvərlik hissləri ilə qələmə aldığım kitab alınar. Elə bir kitab ki, oxunduqca bitməyən, oxunduqca oxumaq istənilən bir kitab. Amma o qətl gecəsinin ən möhtəşəm qəhrəmanlıq kitabını Azərbaycan xalqı yazmışdı. Yüzlərlə qəhrəman oğullarımız azadlıq və müstəqillik uğrunda şəhid olaraq, gələcək nəsillərə istiqlaliyyət və azadlıq bəxş etdilər. Bəli, 20 Yanvar gecəsində minlərlə Azərbaycan övladını meydanlara, silahlı rus qəsbkarlarının qarşısına çıxaran qəlblərində gəzdirdikləri doğma torpağın bütövlüyü, toxunulmazlığı, azadlığı idi. 20 Yanvar faciəsi bizə müqəddəs bir and yeri bəxş etdi. Doğma Bakımızda Dağüstü park kimi tanınan ünvan xiyabana çevrildi. Və ilk şəhidlərini  qəbul edərək, öz qoynunda əbədi olaraq uyutdu. Və, nəhayət bu müqəddəs yer bugünki azadlığımız, müstəqilliyimiz uğrunda canlarını qurban verənlərin ziyarətgah yerinə çevrildi. Hər il 20 Yanvar faciəsinin tarixi ildönümündə Şəhidlər Xiyabanı sanki gül yağışına qərq olur. Bütün varlığımla, bütün canımla, son nəfəsimə kimi sevdiyim Azərbaycanımın Ulu öndəri, dahi lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra 20 Yanvar hadisələrinə dolğun siyasi qiymət verilməsi, bu inamı və əqidəni daha da möhkəmləndirmişdir. Yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş şəxslərə dövlət başçısı tərəfindən “20 Yanvar Şəhidi” fəxri adının verilməsi o günü bir daha gələcək nəsillərin yaddaşına həkk etdirdi. 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi;
20 Yanvar hadisələrinə siyasi qiymət ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən verildi. Ulu öndər Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.
Hazırda Heydər Əliyevin siyasətini Cənab Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Cənab Prezidentimiz şəhid ailələri ilə görüş keçirir. Onları prezident təqaüdü ilə, ev ilə təmin edir.
Bəli, o Qanlı Yanvar faciəsindən xalqımızı 31 illik zaman fasiləsi ayırır. Və bu faciə tariximizə qanla həkk olunmuşdur! - Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərin xatirəsini daim uca tutur. Ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur;
20 Yanvar şəhidlərin ailələrinə qayğı daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm işlər görmüşdür. Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir. Təqaüdün məbləği 2021-ci il yanvarın 1-dən 300 manatdan 500 manatadək artırıldı. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri aparılıb. Bundan başqa, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksi inşa olunub.
Mənim fikrimcə, şəhid olan kəs bir yanar şama bənzəyir. O, yanaraq ətrafdakıları, cəmiyyəti isidir, onlara işıq bəxş edir. Lakin özü əriyərək aradan gedir.Tarixən şəhidlər bizim millətin yanar şamı rolunu oynamışlar. Hər il biz 20 Yanvarda şəhidlərə matəm saxlamaqla, bir milllət kimi yenidən şücaət və qeyrət məktəbini xatırlayırıq. Yenidən bir yumruq kimi birləşirik. Son olaraq hər birimizin anası olan müqəddəs -ədəbiyyatın şəhid balalarına “Allah rəhmət eləsin!” deyirəm.

279 nömrəli tam orta məktəbin müəlliməsi Afaq Səfərova

Keçidlər