Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş “Şəhidlərimiz-iftixar mənbəyimiz” adlı videokonfrans keçirilmişdir.
Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin, YAP Suraxanı rayon Qadınlar Şurasının sədrinin, rayon məktəblərinin kollektivlərinin iştirakı ilə keçirilən videokonfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, 20 Yanvar faciəsinin iştirakçıları və torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçib şəhid olmuş oğul və qızlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbir iştirakçıları çıxış edərək qeyd etmişdirlər ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin “milli tariximizin qanlı və şanlı günlərindən biri” adlandırdığı 20 Yanvar faciəsinin növbəti ildönümü də azadlıq və dövlət müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş həmvətənlərimizin adına layiq qeyd olunur.
Tədbir iştirakçıları bildirmişdirlər ki, dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən Ulu Öndər Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər Lider oldu. Ümummilli Lider Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar ümumxalq Hüzn Günü elan edildi.
Tədbirdə həmçinin 44 günlük Vətən müharibəsində qələbə qazanaraq, canlarından keçib “Qarabağ” adlı zəfəri Azərbaycan xalqına yaşatmış igid oğul və qızlarımızın əziz xatirəsi sonsuz minnətdarlıq hissləri ilə anılmış, onları hər zaman xatırlayaraq, gələcək nəsillərə də çatdırılması ən ali vətənpərvərlik borcu kimi qiymətləndirilmişdir.
Videokonfransın sonunda Etibar Səfərov adına 118 №-li tam orta məktəbin və E.Qaranzadə adına 270 №-li tam orta məktəbin şagirdlərinin ifasında bədii hissə təqdim olunmuşdur.