Bu gün 44 günlük Vətən müharibəsində iştirak edərək Vətəni ləyaqətlə qoruyan və şəhadətin zirvəsinə yüksəlmiş Əsədov Səbuhi Azər oğlunun doğum günüdür.
Yanvarın 19-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət xanım Həsənova, RİHB-nin müavinləri və Aparatın əməkdaşları Şəhidimiz Əsədov Səbuhi Azər oğlunun ailəsini və onun adının əbədiləşdirilməsi məqsədilə inşa edilmiş bulaq – abidə kompleksini ziyarət edərək xatirəsini ehtiramla yad etmişlər. Həmçinin, onun şəxsi otağında yaradılmış xatirə guşəsi ilə tanış olaraq yaxınlarına bir daha başsağlığı verilmişdir. RİH başçısı Əziz Əzizov bildirdi ki, hər birimizin vətəndaş olaraq borcu və vəzifəsi şəhidlərimizi hər an yad etmək, onları daim hörmət və ehtiramla anmaqdır.
Qeyd edək ki, Səbuhi Əsədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Şəhidlərimizin döyüş yolu, göstərdikləri şücaət və vətənpərvərlik hər zaman gənc nəsil üçün nümunə olacaqdır.