Qazandığımız böyük Zəfər həm dünyanın hərb, həm də diplomatiya tarixində Azərbaycanın təkrarsız qalibiyyət nümunəsini yaratdı
Cənab Prezident, Qırx dörd gün davam edən Vətən Müharibəsində Sizin misilsiz şücaətiniz, iradə və qətiyyətiniz, Azərbaycan xalqının birliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində ədalətsizliyə və haqsızlığa son qoyuldu. Qazandığımız bu böyük Zəfər həm dünyanın hərb, həm də diplomatiya tarixində Azərbaycanın təkrarsız qalibiyyət nümunəsini yaratdı, Sizin yorulmaz əməyinizin, illər boyu böyük ustalıqla formalaşdırdığınız xarici siyasət və diplomatiyanın, sarsılmaz daxili harmoniyanın, Azərbaycan xalqının birlik və bərabərliyinin rəmzi oldu. Daha bir tarix yazıldı.
Müzəffər Ali Baş Komandan, qalib sərkərdə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 14 yanvar işğaldan azad olunmuş Şuşa şəhərinə səfər etdilər. Bu gediş adi gediş deyildi. Bu gediş tarixi gediş, tarixi qayıdış idi. 28 il öncə işğal olunmuş və bu ilin 8 noyabr tarixində azad edilmiş doğma Şuşamıza əbədi qayıdış idi.
Bütün dünya üçün geridə buraxdığımız 2020-ci il çox çətin bir il oldu. Bəşəriyyəti cənginə almış koronavirus (COVİD-19) xəstəliyi bizdən də yan keçmədi. İndiyədək bütün dünyada bu xəstəliklə mübarizə aparılır. Bütün bunlara baxmayaraq, biz bilməzdik ki, 2020-ci ilin sonu biz azərbaycanlılar dünyanın ən xoşbəxt insanları olacağıq. Sizin sayənizdə biz bu ili böyük zəfərlə bitirdik. Siz mənim üçün adınızı “Əsrin Fatehi” kimi qızıl hərflərlə tarixə yazdıran Azərbaycan igidisiniz. Məhz Şuşa səfərinin 14 yanvar olması təsadüfi deyildi. Cənab Prezident Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişdi. 39 il bundan əvvəl Ulu Öndər Heydər Əliyev ilə səfər etmişdi və yanvarın 14-də getmişdi. Və bu gün, yanvarın 14 -də yenə də səfər etdi. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi səfər etdi.
Cənab Prezident İlham Əliyevin müvafiq göstərişləri nəticəsində Şuşada Vaqif poeziya günləri, “Xarı Bülbül” festivalı bərpa olunacaq. Xüsusilə qeyd etməliyik ki, “Xarı Bülbül” festivalının bu il keçirilməsi nəzərdə tutulur. Beləliklə, Şuşa şəhəri yenidən öz keçmiş əzəmətli günlərinə qayıdacaq. Şuşa şəhəri hər zaman Qafqazın mədəniyyət beşiyi idi. Xatırlatmaq istərdim ki, Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan olunub. Doğma Şuşamız günü-gündən inkişaf edəcək və dünya mədəniyyətində öz yerini ən üst pillələrə daşıyacaq.
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyi sədr müavini Murad Arzuoğlu