“Şuşa səfəri ən az Şuşanın özü qədər tarixi və əhəmiyyətlidir”
Mənim 34 yaşım var. Özümü tanıyandan hər il, yeni ildə və Novruz bayramında ətrafımda olan hər kəs bir birini “inşallah gələn il bu vaxtı Şuşada qeyd edərik” deyə təbrik edirdi. Sonra mən böyüdüm və mən də eyni təbrikləri sevdiklərimə, saydıqlarıma ünvanladım. Bu xatirəmi ona görə bölüşdüm ki, bilənlər bilməyənlərə Azərbaycan xalqı üçün Şuşanın əhəmiyyətini anlatsın. Məhz, bu səbəbdən Möhtərəm Prezident, cənab Ali Baş Komandanın Şuşaya bayraq sancması mənim və mənim kimi milyonlarla dünya azərbaycanlısı üçün qürur və şərəf məsələsidir.
İşğalın bitməsindən cəmi iki ay keçməsinə baxmayaraq azad olmuş ərazilərdə infrastruktur layihələr həyata keçirilməkdədir. Yollar çəkilir, yaşayış yerlərinin adları olan tablolar yerləşdirilir, işıq, su xətlərinin yenidən qurulması davam etdirilir. Çox qısa zamanda böyük sürətlə görülən işlər xalqımızın və dövlətimizin vətən sevgisinin, yurd həsrətinin təzahürüdür. Bütün şəhərlərdə zərərin dəyəri hesablanır, yeni baş planlar hazırlanır. Atılmış və atılacaq addımlar Qarabağda yeni və müasir şəhərlərin formalaşmasına səbəb olacaqdır.
İkinci Qarabağ savaşının başlanğıc nöqtəsi Füzuli rayonu olmuşdur. Müasir Qarabağın da yeni giriş qapısı məhz Füzuli şəhəri olacaqdır. Horadizdən başlayan dəmir və avtomobil yolları Ermənistandan keçərək Naxçıvan və Türkiyəyə qədər uzanacaqdır. İranla geniş sərhədə malik olan Füzuli rayonunun iqtisadi rayon kimi də əhəmiyyəti artmaqdadır. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının tikintisinə start verilməsi böyük iqtisadi inkaşfın ilk addımlarıdır. Yanvarın 14-də səfər zamanı cənab Prezident tərəfindən uçuş-enmə zolağının uzunluğu 2800 metr olan və beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək Füzuli hava limanı həm bölgədə iqtisadiyyatın, həm də mədəniyyət və turizm inkişafına böyük töhfələr verəcəkdir. Qarabağın gələcək yerli və xarici qonaqları Füzuli Beynəlxalq Hava Limanına gələrək, Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolu ilə çox rahat və qısa müddətə Şuşa şəhərinə gedə biləcəklər. Bu da bölgədə bir çox mədəni hadisələrin baş verməsini, festivalların keçirilməsini, konfrans və forumların təşkil olunmasını asanlaşdıracaqdır.
Qarabağda belə bir müasir hava limanının tikintisinin hərbi əhəmiyyəti də vardır. Unutmaq lazım deyildir ki, Gəncə, Lənkəran və Qəbələdə hava limanının tikilməsi ötən il iyul hadisələrindən sonra Azərbaycanla birgə hərbi təlimlər keçən türk hərbçilərinin və təyyarələrinin gəlməsi üçün mühüm rol oynadı. Belə hər zaman münaqişə meyillərinin real təhlükə ola biləcəyi bir regionda cəld və zamanında müdaxilə imkanları yaradan hava limanının tikilməsi böyük bir addımdır. Cənab Prezident Laçın və ya Kəlbəcərdə də yeni hava limanının tikintisinə də ehtiyac olduğunu vurğuladı. Bu da, Qarabağı həm şimaldan, həm də cənubdan nəqliyyat yolları ilə əhatələmək deməkdir.
Şuşa səfəri ən az Şuşanın özü qədər tarixi və əhəmiyyətlidir. Dağlıq Qarabağın işğaldan azad olunan şəhər və kəndlərindən keçərək Şuşaya daxil olan cənab Prezident demək olar ki, hər bir yaşayış məntəqəsində ayaq saxlayır, oranın tarixi və strateji əhəmiyyəti haqqında geniş məlumat verir və irəliləyirdi. Sadə, səmimi və həvəskar çəkilişlərlə bütün dünyaya öz fikirlərini çatdıran cənab Prezidentin hər sözü bir bəyanat kimi ciddi və əhəmiyyətli idi. Şuşa Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. İslam və türk mədəniyyətlərinin beşiyi olan bir şəhəri erməni şəhəri kimi qələmə verənlərə ən sərt reaksiyanı məhz cənab Prezident verməkdədir. Pənahəli xanın saldığı şəhər erməni şəhəri ola bilməz. Baxmayaraq ki, buna ciddi cəhdlər olunur. Azərbaycan dövləti Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndləri, bütün tarixi abidələri bərpa edəcək. Şuşanın bərpası planlı şəkildə aparılacaq, Pənahəli xanın şəhərinin tarixi ruhu qorunacaqdır.
Şuşa işğala qədər müasir Azərbaycan mədəniyyətinin, ədəbiyyatının əvəz olunmaz mərkəzi olmuşdur. Burada şer gecələri, müsiqi axşamları, ədəbi görüşlərin keçirilməsi adi hal idi.. İşğaldan sonra bütün tarixi abidlərlə yanaşı Üzeyir Hacıbəylinin, dahi Bülbülün və Xurşudbanu Natəvanın büstlərinin geriyə, öz vətənlərinə qaytarılması özü də böyük hadisədir. Zamanında Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində düşmənlərdən pulla geri alınan bu tarixi abidələr Şuşanı bəzəyəcək və qonaqlarının marağına səbəb olacaqdır. Şuşanın mərkəzi parkında bundan sonra Azərbaycanın və Şuşanın böyük mütəffəkirlərinin büstləri yerli və xarici qonaqlara Şuşanın keçmişindən və gələcəyindən “söhbət açacaqdır.” Tez bir zamanda Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcək. Dağıdılmış abidələrə isə əsl simaları qaytarılacaq.
14 yanvar tarixi cənab Prezident İlham Əliyev və Şuşanın həyatında böyük əhəmiyyətə malikdir. Düz otuz doqquz il əvvəl Ulu Öndər Heydər Əliyevlə Şuşaya gələn cənab İlham Əliyev bugün öz xalqının ümidi, ordusunun Ali Baş Komandanı kimi Şuşaya gəlmişdir. Vaqifin məqbərəsi önündə keçmiş və gözəl günləri xatırlayan dövlət başçısı Şuşanın gələcək inkişafına olan əminliyini bir daha təkrar etdi.
Möhtərəm Prezident Şuşada çox ciddi və əhəmiyyətli bəyanatlarla da çıxış etdi. Eyni zamanda da hər kəsə xəbərdarlıq etdi. Ölkə içində və xaricində düşmən dəyirmanına su tökən insanların keçmişdə əməllərini bir daha xatırlatdı.Tarixin çox da keçmiş olmayan səhifələrinə nəzər yetirdikdə görürük ki, Şuşanın işğalında o zaman daxildə olan hərci-mərciliyin böyük rolu olmuşdur. Şuşanın müdafiəsini təşkil etmək əvəzinə Bakıda siyasi oyunlar və hakimiyyət davası çəkənlər Şuşanın işğalında birbaşa günahkardırlar. Cənab Prezidentin hədəfində Xankəndində özünü siyasi xadim adlandıran “dırnaq arası rəhbərlər” və onlara açıq-gizli dəstək verənlər də vardı. Güya Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcəkdilər. Müzəffər ordunun Ali Baş Komandanı düşmənlərin yadına birliyimizin və qələbəmizin rəmzi olan dəmir yumruğu saldı. Dəmir yumruq yerindədir deyərək xam xəyallara qapılan düşmənə açıq-aşkar statusun bir daha heç bir zaman yenidən gündəmə gəlməyəcəyini xatırlatdı.
Qırx dörd günlük müharibə bir qəhrəmanlıq dəstanıdır. Şuşanı ağlasığmaz əməliyyatla azad edən qüvvələrimiz erməni ordusunun kabusuna çevrilib və dövlət başçısı Ermənistana xəbərdarlıq edərkən onların adını çəkməklə təxribatlara qarşı veriləcək cavabın miqyasını göstərir. Şuşanın ağır texnikasız azad olunması bir çox hərbi məktəblərin müasir döyüş əməliyyatları dərsinin mövzusudur. Azərbaycanın silahlı qüvvələri, qəhrəman övladları, xüsusi təyinatlılar, Şuşanı qoruyacaqlar ki, düşmən heç bu tərəfə baxmağa özündə cəsarət tapmasın. Bundan sonra bir daha bu regionda hər hansı bir münaqişəni yaşamayacayıq. Qarabağda sülhün qarantı isə Azərbaycan ordusudur.
İkinci Qarabağ müharibəsində qalib gələn Azərbaycan xalqının gənc və qəhraman övladlarıdır. Yeni dövr, yeni mərhələ yaradan liderlərin davamçıları haqqında “onun oyatdığı xalq”, “onun təsir etdiyi gənclik” ifadələrini istifadə edirik. İlham Əliyevin hakimiyyətdə olduğu illərdə vətənpərvər, gənc nəsil yetişib. Onların milli ruhda aldıqları tərbiyə nəticədə torpaqlarımızın işğaldan azad edilməsinə səbəb olmuşdur. Bir zamanlar Qarabağdan uşaq yaşda çıxan övladlarımız bugün tank üstündə Qarabağa qayıtdılar. Biz qəhrəman gəncliyimizlə fəxr edirik.
Şuşada və bütün Qarabağda Azərbaycan xalqının milli dəyərlərinə vurduqları zərərlə yanaşı mənəvi dəyərlərimizə qarşı da zorakılıq aktları kifayət qədərdir. Ermənistan vandalizmi, irqçiliyi, etnik-dini dözümsüzlüyü dövlət siyasətinə çevirmiş islamofob ölkədir. Dini ibadət yerlərimizi, məscidlərimizi təhqir edənlərə müsəlmanlar arasında hələ də, dost və qardaş deyənlər varsa buyurub Qarabağda vəziyyətlə tanış ola bilər. Ermənistan heç vaxt, heç bir müsəlman dövlətinin qardaşı ola bilməz. Doğrudan da Ermənistana dost deyən müsəlman liderlər öz xalqlarına və bütün müsəlman ölkələrinin əhalisinə, onların haqlı suallarına cavab verməlidir. Həm özünü islam və dəyərlərinin müdafiəçisi adlandıracaqsan, həm də bu dəyərləri dağıdan, yerlə yeksan edənlərlə dostluq, qardaşlıq edəcəksən. Bax, bu ciddi riyakarlıqdır.
Cıdır düzü Şuşanın, Şuşada Azərbaycanın əsas rəmzlərindən biridir. Azərbaycan xalqı imkan verə bilməzdi ki, belə müqəddəs yerlərdə düşmən artıq hərəkətlər etsin. İndi Cıdır düzündə şərabı milli çay süfrəsi və təamlarımız, milli qürurumuza toxunan artıq hərəkət və rəqsləri isə ailə dəyərlərimiz əvəz edir. Necə ki, min illərdir torpaqlarımızda eyni qaydada bu davam etməkdədir. Heç təsadüfi deyil biz cənab İlham Əliyevi Milli Lider adlandırırıq. O xalqımıza öz milli dəyərlərini yenidən xatırlatdı və milli ruhun oyanışına səbəb oldu.
Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev