Suraxanı rayonunda “15 İyun-Milli Qurtuluş Günü” münasibəti ilə konfrans keçirilmişdir
13 iyun 2014-cü il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının A.A Bakıxanov adına Tarix İnstitutu, Suraxanı Rayon İcra Hakimiyyəti və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Günü münasibəti ilə “Heydər Əliyev Qurtuluş mübarizəsinin qalibidir!” mövzusunda konfrans keçirilmişdir.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, İnstitutun əməkdaşları, RİHB yanında Şuranın üzvləri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər.
Daha sonra konfrans iştirakçıları Heydər Əliyev Mərkəzi və AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun alimlərinin Ulu Öndərin zəngin irsinin və Azərbaycan tarixinin tədqiqinə həsr olunmuş əsərlərinin kitab sərgisi ilə tanış oldular.
Konfransı giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyununda Bakıya gəlişi Azərbaycanı qurtuluşa, xilasa və müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı kimi tarixə düşmüşdür.
Ümummilli Liderin 1993-cü ilin 9 iyununda xalqın təkidli istəyinə səs verərək Bakıya qayıtması onun nə qədər qətiyyətli, prinsipial, heç bir təhlükədən çəkinməyən, xalqının taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqlədi.
Natiq xüsusi vurğulamışdır ki, bu günün prizmasından bir daha aydın görünür ki, Heydər Əliyevin "qan içi"ndə çalxalanan paytaxta gəlməsinin özü bir cəsarət nümunəsi, liderlik örnəyi idi. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçilməsi isə onun, sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda, xalqın qurtuluş, qəhrəmanlıq tarixidir. Həmin gün həm də Heydər Əliyevlə Azərbaycan xalqının sarsılmaz birliyinin, həmrəyliyinin rəmzi təcəssümüdür. Bu qayıdış, ilk növbədə, Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi.
Bu böyük qayıdış Azərbaycanda dövlət quruculuğunun sürətlənməsinə səbəb oldu, dövlətçiliyimizi və suverenliyimizi qoruya bilən ordu formalaşdı, iqtisadiyyatın inkişafı, ictimai asayişin və sabitliyin bərpası təmin olundu.
Konfransda “Heydər Əliyev Qurtuluş mübarizəsinin qalibidir!” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm xadimi, professor, Milli Məclisin deputatı, AMEA-nın A.A Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov qeyd etdi ki, Heydər Əliyevin həyat tarixçəsini, dövlət başçısı kimi fəaliyyət dövrünü vərəqləsək Azərbaycan xalqına misilsiz xidmətinin parlaq nümunələri gözlərimiz önündə canlanar. Azərbaycan xalqı üçün Heydər Əliyev dahi və əvəzolunmaz nadir tarixi şəxsiyyətdir.
Natiq qeyd etmişdir ki, 1991-ci ildən 1993-cü ilin iyun ayınadək olan dövr xalqımızın böyük sarsıntı içində yaşamaq məcburiyyətində qalması, ümumilikdə, dövlətin özünün gələcəyinin sual altında olması ilə şərtlənirdi. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan Ulu Öndər Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı.
Ulu Öndər böyük fədakarlıqla Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxladı, onu dönməz, daimi və əbədi etdi. Bu böyük qayıdış Azərbaycanda dövlət quruculuğunun sürətlənməsinə səbəb oldu, dövlətçiliyimizi və suverenliyimizi qoruya bilən nizami ordu formalaşdı, iqtisadiyyatın inkişafı, ictimai asayişin və sabitliyin bərpası təmin olundu.
Konfransda çıxış edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qeyd etdilər ki, Ümummilli Lider Heydər Əliyev özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiliyi, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub.
Tədbiri yekunlaşdıran İlqar Abbasov xüsusi vurğuladı ki, Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir ki, ölkəmiz BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən birinə çevrilmiş, kosmik klubun üzvü olmuşdur. Həyata keçirilən dövlət proqramları bütün bölgələrin tarazlı inkişafına nail olmaqla əhalinin məşğulluğunun təmin edilməsinə, abadlıq və quruculuq işlərinin aparılmasına, infrastrukturun yenidən qurulmasına yol açaraq "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının reallaşdırılması üçün geniş imkanlar yaradır.
İlqar Abbasov bildirmişdir ki, Ümummilli Liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində müstəsna xidmətləri olan Heydər Əliyev Fondunu xüsusi qeyd etmək lazımdır. UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu yarandığı vaxtdan etibarən Azərbaycan xalqı qarşısında müstəsna xidmət və xeyirxah əməllərin daşıyıcısı olmaqla belə bir ucalığa yüksəlmiş, insanların səmimi rəğbətini qazanmışdır. Heydər Əliyev Fondu dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə öz töhfəsini verir, xalqın milli mədəniyyətinin, milli-mənəvi dəyərlər sisteminin yad təsirlərdən qorunmasında, cəmiyyətdə saflıq, nəciblik, xeyirxahlıq kimi dəyərlərin təbliğində müstəsna rol oynayır. Fəaliyyət göstərdiyi son 10 ildə ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan ali ideyalarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu cəmiyyətdə yüz minlərlə insanın ümid və pənah yerinə çevrilmişdir.
Konfrans bu sözlərlə yekunlaşdı: Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim işıq salacaq.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının A.A Bakıxanov adına Tarix İnstitutuna Mərkəzin 5 illik yubileyi münasibəti ilə hazırlanmış xatirə hədiyyəsi təqdim edildi, Yeni Azərbaycan Partiyasının sıralarına üzv qəbul olunmuş bir qrup rayon gəncinə üzvlük vəsiqəsi təqdim olundu.
Sonda Ulu Öndərin zəngin irsini öyrənmək məqsədi ilə “Dahi Azərbaycanlı” filminə baxış oldu.