Azərbaycan qalib ölkə kimi qatıldığı bu görüşdən qalib kimi ayrıldı
Regionun ən çətin münaqişələrindən sayılan Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 30 ildən artıq müddət idi ki, torpaqlarımız işğal altında idi. Ötən ilin sentyabrın 27-də başlayan hərbi əməliyyatlar ermənilərə və onun havadarlarına böyük zərbə oldu. Azərbaycan 44 gün ərzində ərazi bütövlüyünü bərpa etdi. 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanat imzalandı.
10 noyabr bəyanatı regionda yeni reallığın başlanğıcını qoydu. Azərbaycanın ərazi bütövlüyünün bərpası regionda yeni iqtisadi - siyasi mərhələnin başlamasına səbəb oldu.
Yanvar ayının 11-də bütün dünyanın gözü Moskva şəhərində idi. Müharibədən bir neçə ay sonra Moskvada üç ölkənin başçısının görüşü çox əhəmiyyətli idi. Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş və imzalanan Bəyanatın nəticəsində regionda tamamilə yeni geoiqtisadi mənzərə yaranacaq, yeni nəqliyyat kommunikasiyaları reallaşdırılacaq. Mehri vasitəsilə Türkiyə-Naxçıvan-Azərbaycanın əsas hissəsi, Azərbaycan vasitəsilə Ermənistan-İran və Ermənistan-Rusiya nəqliyyat xətlərinin bərpası baş tutacaq. Bu artıq Azərbaycanın son 2 ayda Ermənistan üzərində qazandığı ikinci diplomatik uğurdur.
Əldə edilmiş razılıq və birgə Bəyanat, artıq Qarabağ münaqişəsinin arxada qaldığını göstərdi. Artıq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi nəticəsində yeni əlaqələr və münasibətlər dövrünə qədəm qoyulur. Üçtərəfli Bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, bu məqsədlə üçtərəfli işçi qrupun, görüləcək işlərlə bağlı prioritetlərin müəyyən edilməsini təsbit edən sənəddir.
Üçtərəfli görüşün bəyanatı zamanı Ermənistanın baş nazirinin “Təəssüf ki, bu münaqişə hələ nizamlanmayıb. Münaqişə qalır. Əlbəttə, biz atəşkəs rejimini təmin etməyə nail olmuşuq, lakin hələ həll edilməli olan çox məsələ qalır. Bu məsələlərdən biri Dağlıq Qarabağın statusu məsələsidir” deməsi onu bir daha gülünc vəziyyətə saldı. 10 noyabr Bəyanatında bütün məsələlər açıq formada öz əksini tapıb.
Döyüş meydanında vurulan zərbələrdən hələ də ayılmayan Paşinyan hələ uzun müddət ard – arda aldığı diplomatik məğlubiyyətlərin şokunda olacaq!
Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin üzvü,
Hüquq Məsələləri Daimi Komissiyasının sədri Eldar Mirzəliyev