Şəhidimiz leytenant Yusubov Elzar Süleyman oğlunun doğum günüdür
Yanvarın 9-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Suraxanı rayon Prokuroru Rəşid Mahmudov, RİHB-nin müavini və Aparatın əməkdaşları Şəhidimiz leytenant Yusubov Elzar Süleyman oğlunun doğum günündə onun ailəsini ziyarət etmişlər.
Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş hərbiçilərimizin daim yaddaşlarda yaşayacağını vurğulayan Əziz Əzizov Şəhidimizə Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləmişdir.
Şəhidimiz Elzar Yusubovun anım günündə keçdiyi şərəfli ömür yolundan bəhs edilərək onun xatirəsi ehtiramla yad edilib.
Qeyd edək ki, Elzar Yusubov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Şəhidlərimizin döyüş yolu, göstərdikləri şücaət və vətənpərvərlik hər zaman gənc nəsil üçün nümunə olacaqdır.