“2020-ci il uğurların, zəfərlərin ili oldu”
2020-ci ilin ümumi mənzərəsini bütün aspektlərdən dəyərləndirərkən dünya və ölkəmiz üçün elə də asan keçməmişdir. İlin yekunlarına dair keçirilən toplantıda cənab Prezidentin səsləndirdiyi fikirlər həm keçən bir il ərzində görülən işlər, həm də qarşıdakı perespektivlər baxımından böyük əhəmiyyətə malikdir.
Əlbəttə, ilk öncə toplantının keçən il yenilənən formatının ötən bir il ərzində nə qədər faydalı olduğu bir daha özünü göstərdi. Adət edilmiş toplantı formatından, ənənəvi məruzələrdən kənar və intellektual dialoq şəraitində, aidiyyəti üzrə lazımi qurumların iştirakı ilə yeni formatda görüşlərin keçirilməsinin daha məqsədə uyğun olduğunu ötən zaman ərzində görmüş olduq.
Bütün çətinliklərə rəğmən 2020-ci il uğurların, zəfərlərin ili oldu. Heç şübhəsiz ki, 2020-ci il necə ki, bütün dünyanın yadından çıxmayacaq, unudulmayacaq eləcə də, xalqımızın xatirindən silinməyəcəkdir. Otuz illik real işğal faktına son qoyulmuşdur. Lakin biz eyni zamanda da iki yüz illik, Qafqaza köçürüləndən sonra baş qaldırmış erməni faşizminə qalib gəlmişik. Həm də müstəqil dövlətçiliyimizin bərpasından cəmi iyirmi doqquz il keçməmiş. Azərbaycan, tarixində heç vaxt belə güclü olmamışdır. Bu güc yalnız hərbi güc deyil. Siyasi, iqtisadi, mədəni, beynəlxalq aləmdə artan nüfuz və əlbəttə, milli özünüdərk baxımından Azərbaycan özünün ən güclü və firəvan günlərini yaşayır.
Biz xalq olaraq milli amallar uğrunda, işıqlı gələcək, sülh, əmin-amanlıq və ərazi bütövlüyümüz naminə bir lider ətrafında birləşə bildiyimizi hələ uzun illər əvvəl Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət edərək göstərmişdik. Vətən müharibəsi dövründə nümayiş etdirdiyimiz əzm, möhkəm iradə və rəhbərə güvən kimi yüksək keyfiyyətlərimiz bizi dünyaya nümunə xalq kimi tanıtdırdı. Dövlət başçısı, cənab Ali Baş Komandan bütün çıxışlarında, müsahibələrində Azərbaycan xalqının qəhrəmanlığından xüsusi bəhs edir. Əlbəttə, əgər xalqımızın vətən sevgisi, dövlət başçısının qətiyyəti olmasaydı topraqlarımız işğaldan azad olunmayacaqdı.
Müharibə, münaqişə və onun illərdir özü ilə bərabər gətirdiyi fəlakətlər bitib. Bitməlidir! 10 noyabr bəyanatı, sülhməramlıların bölgəyə gəlməsi müharibənin bitməsinin əsas əlamətləridir. İndi normallaşma dövrüdür. Proseslər başlayıb və uğurla davam etdirilir. Sülh və əmin-amanlıq nə qədər Azərbaycana lazımdırsa, bir o qədər də Ermənistana lazımdır. Bəyanatın pozulması və revanşist hisslər Ermənistanın bir dövlət kimi məhvinə gətirib, çıxara bilər. Əlbəttə və təəssüf ki, bu prosesə mane olmaq istəyən qüvvələr vardır. Lakin onlar buna görə daha çox peşman olacaqdır. Azərbaycan hər zaman süveren hüquqlarını müdafiə edəcəkdir.
Cənab Prezidentin son fikirlər maddi sübutlarla, hümanist, tarixi və digər aspektlərdən iki cəmiyyətin, iki xalqın, iki ordunun, iki dövlətin, və nəhayət mənəvi dəyərlərə yanaşmanın, ehtiramın yüksək səviyyəli müqayisəsi idi. Bütün paramertlər üzrə öndəyik. Son açıqlamaları ilə dövlət başçısı bir daha nümayiş etdirdi ki, o, cəmiyyətimizi narahat edən məsələləri bilir. Cəmiyyətimizdə ermənilərin təxribat dolu hərəkətlərinə, rus sülhməramlıların səlahiyyətlərindən kənara çıxan addımlarına, ermənipərəst qüvvələrin ölkə daxilində və xaricində pozucu niyyətlərinə elə ən sərt reaksiyanı cənab Prezident verdi. Bu o deməkdir ki, Azərbaycan xalqının və dövlətinin mövqeyi nəyin ki, üst-üstə düşür hətta birdir. Məsələ erməni xarici işlər nazirinin Azərbaycan torpağı olan Xankəndiyə qeyri-qanuni səfər etməsini ən adekvat cənab Prezident tənqid etdi və ciddi xəbərdarlıq etdi. Görəsən ölkəsinin dünyada nüfuzu olmadığı, diplomatik hörmət qazanmaq uğrunda çalışmalı olduğu halda bu axmaq diplomatın bizim torpağımızda nə işi var? Tək o da deyil fransız senatorlar və bəzi beynəlxalq təşkilatlar hadisələrdən çox kənarda qaldıqlarını anlayıb, güya aktivlik nümayiş etdimək istəyirlər. Lakin bu qəbul olunmazdır. Bizim icazəmiz olmadan heç kimsə o torpaqlara ayaq basa bilməz. Əminəm ki, bundan sonrakı hər hansı belə hesablanmamış hərəkət ağır nəticələrlə tarix səhifələrinə yazılacaqdır. Sülhməramlı missiya ilə Azərbaycan torpaqlarında mövcud olan Rusiya ordusunun patrul dəstələri unutmamalıdır ki, onların bəzi addımlarına məhz ölkəmizin hümanist dəyərlərə etdiyi hörmət müqabilində göz yumulur. Lakin Azərbaycan xalqını və dövlətini qıcıqlandırmaq lazım deyildir. Bunun necə ağır nəticələr verə biləcəyini 44 günlük müharibə nümayiş etdirdi. Və cənab Prezident demiş dəmir yumruğu unutmamaq onların bundan sonrakı mövcudluğu üçün əsas şərtdir.
Ermənistan hakimiyyəti eyni zamanda da 26 noyabr tarixində müharibədən sonra Xocavəndə gələn erməni yaraqlılarına görə də cavab verməlidir. Həm Ermənistan hakimiyyəti, həm də rus sülhməramlıları buna görə mütləq izahat verməli və əsirlərə görə də minnətçi olmamalıdırlar. Onlar Azərbaycanın hümanist mövqeyinə görə təşəkkür etməlidirlər ki, diversantlar məhv edilməmişdir. Onlar hərbi əsir sayıla bilməzlər. Müharibə çoxdan bitmişdir və Ermənistan höküməti bu yaraqlıların məsuliyyətini ya öz üzərinə götürüb, bu kimi halların qarşısını almalı və yaxud da Azərbaycan dövləti ona qarşı hər addıma sərt reaksiya verib öz süveren hüquqlarını qoruyacaqdır.
Post müharibə dövrünə aid vəzifələr indi qarşımızda dayanır. Ərazilərin minalardan təmizlənməsi, yeni yolların salınması və köhnə yolların bərpası. Yeni yollarla yanaşı Ağdam-Xankəndi-Şuşa yolu da istifadəmizdədir. Bu bizim torpağımızdır. Lakin mütləq infrastrukturun inkişafının təminatı üçün yeni yolların salınması mütləqdir. Eyni zamanda da yeni hava limanlarının tikintisinə ciddi ehtiyac vardır. Xocalı hava limanı müasir Qarabağ regionun inkişafına cavab verəcək miqyasda deyildir. Füzulidə və Laçın, yaxud da Kəlbəcərdə belə hava limanlarının tikintisi həm yükdaşıma, həm də turizmin inkişafına müsbət təsir edəcəkdir. Hava limanları həm də təhlükəsizlik nöqteyi nəzərindən də vacib amildir. Dəmir yolları, sərhəd infrastrukturlarının yenidən qurulması, sərhəd mühafizəsinin təşkili və buraxılışın həyata keçirilməsi vacib amildir. Əminəm ki, sərhədlərimiz bundan sonra cənab Prezidentin də dediyi kimi dostluq sərhədi olacaqdır. Lakin sərhəd sərhəddir və vətən sərhəddən başlayır. Sərhəd bir millətin namusudur. Regionda bir çox dövlətlərin maraqları üst-üstə düşür Naxçıvan korridoru vasitəsi ilə region ölkələri böyük inkişaf perespektivlərinə malik olacaqdır. Bu istiqamətdə böyük işlər görülməkdədir.
Hərbi zəfər, diplomatik uğurlarla yanaşı daxili siyasi sferanın da ötən bir il ərzində yeni formatda tənzimlənməsi hadisəsi baş vermişdir. Sağlam müxalif qüvvələrin parlamentdə, hətta rəhbərlyində təmsil olunması, qeydiyyatdan keçməyən partiyaların qeydiyyatı, ümummilli məsələdə siyasi ambisiyaların bir kənara qoyulması və bir amal uğrunda birləşmək kimi ülvi əməllər ötən il cəmiyyət olaraq yüksək qiymətləndirdiyimiz hallar idi. Lakin deməliyəm ki heç də bütün siyasi qüvvələr bu amallar uğrunda birləşmədilər. Ya da milli amallar uğrunda birləşə bilməyənlər heç siyasi qüvvə deyil. Xaricdən anti-milli ünsürlər tərəfindən idarə və maliyyə dəstəyi ilə təmin olunan anti-milli şurada təmsil olunanlar Paşinyanla ortaq cəhədlər nümayiş etdirirlər. Əlbəttə, belə çətin vaxtlar həm sınaqdır, həm də əsil simaların ortaya çıxması üçün bir vasitə. Xalqımız belə insanların dəfələrlə simalarını görmüşdü. Bir daha yenidən şahid oldular.
Uğurlarımızın əsas ilhamverici qüvvəsi xalqımızdırsa, əsas hərəkətverici qüvvəsi islahatlar kursudur. Bir çox sahədə kadr, sosialyönümlü, iqtisadi, siyasi və əlbəttə, hərbi islahatlar zəfərlərimizin əsasını təşkil edir. İslahat kursuna həmişə xüsusi diqqət yetirən cənab Prezident bu kursun davam edəcəyini açıq dedi. Bu, həm də bəzi məmurlara öz işində dönüş yaratmaq üçün bəlkə də son fürsət idi.
Dünya sadəcə pandemiya ilə mübarizə aparıbsa, biz müharibədən də çıxmışıq. Amma deməliyəm əldə olunan nəticələr deməyə əsas verir ki, biz bütün sahələrdə inkişaf etmişik. Azərbaycan yeni ilə digər ölkələrə nisbətən daha az itkilərlə çıxıb, iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb. Bu azalmada dünyada azalan neft qiymətlərinin payı daha çoxdur. Son zamanlar neft kapitalının qeyri-neft kapitalına çevirilməsi və şaxələndirmə sayəsində qeyri-neft sənayesi 11 faizdən çox artıb. Kənd təsərrüfatı 2 faiz artıbdır və daha da çox artacaqdır. Çünki işğaldan azad olunan torpaqlarda artıq payızlıq əkinlərə başlanılıbdır. Suvarma imkanları işğaldan azad olunan şirin su mənbələrinin sayəsində genişlənmişdir. 2020-ci ilin bütün neqativliklərinə və böyük miqdarda xərclərinə rəğmən Neft Fondunun vəsaiti azalmayıb, təqribən 0,5 faiz artıb, ölkə öz valyuta ehtiyatlarını qoruya bilib. Bu il sosialyönümlü artımlarla da yadda qaldı. Əhalinin həssas təbəqəsinə olan diqqət artdı. Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında şəhid ailələrinin müavinəti 300 manatdan 500 manata və Milli Qəhrəman fəxri adına görə təqaüd 1500 manatdan 1800 manata qədər qaldırıbdır. Eyni zamanda da məcburi köçkünlərə veriləcək evlərin şəhid ailələrinə veriləcəyi xəbərini də biz bu toplantıda bildik.
2020-ci ilin ən son müjdəli xəbəri isə Dünya Azərbaycanlılarının Həmrəylik günündə ictimaiyyətə çatdırılması isə xüsusi əhəmiyyətli hadisədir. TAP-ın istismara verilməsi, Azərbaycan qazının tarixdə ilk dəfə olaraq artıq Avropa məkanına çatması tarixi nailiyyətdir. Cənub Qaz Dəhlizinin təşəbbüskarı da Azərbaycan olub, əsas maliyyə yükünü də Azərbaycan öz üzərinə götürüb. Azərbaycan nefti artıq Avropada satılır. Biz Avropanın enerji təhlükəsizliyini təmin edən tərəfdaşlardan biriyik. Naxçıvan dəhlizinin açılması, regionda yeni imkanlardan səmərəli istifadə bölgəmiz üçün geniş fürsətlər yaradacaqdır. Ölkəmiz erməni faşizminin başını əzməklə dünya və insanlıq tarixi üçün mütərəqqi bir addım olmuşdur.
Yaşasın rəşadətli ordumuz! Yaşasın müdrik xalqımız! Yaşasın Müzəffər Ali Baş Komandan!
Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev