Azərbaycan nümayəndə heyətinin Yaponiyaya səfərinin nəticələri və iki ölkə arasında regional əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur
Tokio, 9 iyun (AzərTAc). Yaponiyada işgüzar səfərdə olan Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti iyunun 9-da gündoğar ölkənin xarici işlər nazirinin parlament məsələləri üzrə müavini Takano Makino ilə görüşmüşdür.
Görüşdə Azərbaycan nümayəndə heyətinin Yaponiyaya işgüzar səfərinin nəticələri və regional əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
Azərbaycanlı qonaqları Tokioda salamlamaqdan məmnun olduğunu vurğulayan nazir müavini cari ilin aprelində ölkəmizə səfərini böyük məmnuniyyətlə xatırlatmış, səfər təəssüratlarını bölüşmüşdür. Səfər çərçivəsində Baş nazirin müavini Abid Şərifov, xarici işlər, rabitə və yüksək texnologiyalar nazirləri ilə görüşlərini qeyd edən T.Makino Yaponiyanın İto şəhəri ilə dostluq sazişi imzalamış İsmayıllı rayonunda keçirdiyi görüşlərin də onda xoş təəssüratlar yaratdığını bildirmişdir. Azərbaycanın sürətli inkişafının onda xoş təəssürat doğurduğunu diqqətə çatdıran T.Makino Yaponiya-Azərbaycan münasibətlərinin uğurla davam etdiyini vurğulamışdır. Bildirmişdir ki, iki ölkənin regionları arasında formalaşmaqda olan dostluq münasibətləri qədim və zəngin mədəniyyətə malik iki xalqın bir-birinə daha da yaxınlaşmasına, əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfələr verəcəkdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Prezident Adminstrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə şöbəsi müdirinin müavini Hüseyn Mövsümov səmimi qəbula və səfərin yüksək səviyyədə təşkilinə göstərilən köməyə görə Yaponiya tərəfinə minnətdarlığını bildirmişdir. Azərbaycanın son illərdəki nailiyyətləri barədə məlumat verən H.Mövsümov Prezident İlham Əliyevin Yaponiya ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini və diqqət mərkəzində saxladığını vurğulamışdır. Azərbaycan ilə Yaponiyanın regionları arasında əməkdaşlığın böyük potensialı olduğunu qeyd edən şöbə müdirinin müavini iki ölkə arasında elm, mədəniyyət, təhsil və yüksək texnologiyalar sahələrində də əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan H.Mövsümov Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsinə əsaslanan prinsipial mövqe nümayiş etdirdiyinə görə Yaponiya tərəfinə təşəkkürünü çatdırmışdır.
Azərbaycanın uğurlarının Yaponiya tərəfindən maraqla izlənildiyini bildirən nazir müavini Takano Makino bu günlərdə Ukrayna Prezidentinin inaqurasiya mərasimindən qayıdarkən Almaniya televiziyasında Azərbaycanın turizm imkanlarına həsr olunmuş filmi maraqla izlədiyini qeyd etmişdir. Bildirmişdir ki, Azərbaycanda turizmin inkişafına yetirilən diqqət ölkənin daha yaxından tanınmasına müsbət təsir göstərəcəkdir.
Görüşdə Yaponiyanın regionlarına səfər vaxtı şəhərlərin meriyalarına verilmiş dostluq mübadiləsi və tərəfdaşlıq barədə niyyət protokollarının layihələri nazir müavininə də təqdim olunmuş, məsələnin müsbət həlli üçün Yaponiya Xarici İşlər Nazirliyinin öz köməyini əsirgəməyəcəyinə inam ifadə edilmişdir.
Nazir müavini T.Makino iki ölkənin regionları arasında dostluq əlaqələrinin inkişaf etdirilməsinin zəruriliyini təsdiq edərək, bu məqsədə çatmaq üçün yapon tərəfinin mümkün olan bütün addımları atmağa hazır olduğunu bildirmişdir.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio