“Zəfərimiz mübarək”
Ümummilli lider, Ulu Öndər, Azərbaycan xalqının xilaskarı, dünya şöhrətli ictimai – siyasi xadim Heydər Əliyevin ideyalarının və uğurlu siyasətinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 17 il ərzində Respublikamız hər bir sahədə keçid dövrünü başa vuraraq modernləşmə mərhələsinə qədəm qoymuşdur. Dövlət başçısının səyi nəticəsində gerçəkləşən uğurlu diplomatiya yeni əsrdə Azərbaycanın bölgədə və dünyada layiqli yerini tutmasını, regional liderliyini təmin etmişdir.
Ümumiyyətlə, son illər ərzində ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu ölkədəki ordu quruculuğu işində də özünü qabarıq göstərir.
Ali Baş Komandanın hərbi sahəyə, hərbi qulluqçulara göstərdiyi diqqət və qayğı, hərbi qulluqçuların sosial və məişət şəraitinin daim nəzərdə saxlanılması, aylıq vəzifə maaşlarının dəfələrlə artırılması, təhsil, təlim və tibb sahəsində yeni metodların tətbiq olunması gözlənilən yüksək nəticələrə rəvac vermişdir.
30 ilə yaxın idi ki, Ermənistan Azərbaycanın qədim, əzəli torpaqlarını işğal altında saxlayırdı. Elə həmin vaxtdan ermənilər yurdumuzun sərhəd bölgələrini davamlı olaraq atəşə tutmaq, təxribat xarakterli addımlar atmaqla dinc əhalinin rahatlığını pozur, dağıntılar yaradır, vətəndaşları qətlə yetirirdilər.
1994-cu ildə imzalanmış atəşkəs haqqında sazişin qaydalarına Ermənistan tərəfi heç cür riayət etmirdi. 2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecədən başlayan döyüşlər Silahlı Qüvvələrimiz üçün Qələbə ilə nəticələndi.
2019-cu ilin oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya klubunun XVI illik iclasının plenar sessiyasında Cənab Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyana və onun sərsəm bəyanatlarına qətiyyətli və tutarlı cavab verərək “Qarabağ Azərbaycandır və Nida” deməsi işğalçı ölkənin başı üstündə ildırım kimi çaxdı. Bu ilin iyulun 12-də Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini növbəti dəfə kobudcasına pozdu. Şanlı Ordumuzun səyi və əks-həmlə tədbirləri nəticəsində düşmən təxribatının qarşısı alındı.
Bu ilin sentyabr ayının 27-də Müzəffər, Şanlı Ordumuzun işğalçı Ermənistan Silahlı Qüvvələrinə qarşı başladığı əks hücum əməliyyatlarında 44 gün ərzində davam edən Müharibədən əldə etdiyi Möhtəşəm Qələbəmizin, cəbhədəki uğurların ən başlıca səbəbi Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, xalq-iqtidar birliyi və Ön cəbhədə döyüşənlərin ruh yüksəkliyi idi.
30 il ərzində Beynəlxalq Təşkilatların həll edə bilmədiyi məsələni Azərbaycanın Şanlı Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirə bildi. Ermənistanın “ordusu” tam məğlub olaraq təslim oldu.
Böyük Qələbənin ilk müjdəsini Müzəffər Ali Baş Komandan noyabrın 8-də Qarabağın ürəyi sayılan, doğma, qədim Şuşamızın işğaldan azad olunmağı xəbərini xalqa müraciətində bildirdi. Həmin gün xalqın sevincinin həddi-hüdudu yox idi. Hamı bayramı böyük sevinclə qeyd edirdi. 8 noyabr tarixə Zəfər Günü kimi əbədi olaraq qızıl hərflərlə yazıldı.
Dekabrın 10-da Bakının Azadlıq Meydanında Vətən Müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Paradda iştirak etmək üçün gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakı və əməliyyatlarda Şəhid olan 2783 Azərbaycan Əsgərinin simvolik sayı qədər Türk hərbçisinin qatılması bir daha Azərbaycan-Türkiyə dostluğunu və qardaşlığını dünyaya göstərdi.
Qalib xalq kimi tarixə düşməyimiz fəxrdir, qürurdur! Biz bir daha bütün dünyaya nümunə olduq!
Uzun illərin həsrətinə son qoyan Müzəffər Ali Baş Komandanla və Şanlı Ordumuzla qürur duyuruq!
Yaşasın Azərbaycan!
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin fəalı Əfqan Vəlizadə