Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan nümayəndə heyəti ölkəmizin Yaponiyadakı səfirliyində olmuşdur

08 iyun 2014 | 15:00

Tokio, 7 iyun (AzərTAc). Yaponiyada işgüzar səfərdə olan Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti iyunun 7-də ölkəmizin Yaponiyadakı səfirliyində olmuşdur.
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə dost ölkə ilə əlaqələrin son illər daha da intensivləşdiyini bildirmişdir. Qeyd edilmişdir ki, Yaponiyada ölkəmizin sürətli inkişafı, həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycanın regionun lider dövlətinə, dünyanın sürətlə tərəqqi edən iqtisadiyyatına çevrilməsindən yaxşı xəbərdardırlar. Müstəqil Azərbaycan dövləti ilə Yaponiya arasında əlaqələrin əsasının ümummilli lider Heydər Əliyevin bu ölkəyə 1998-ci ildə səfəri zamanı qoyulduğu, Prezident İlham Əliyevin 2006-cı ildə keçirilmiş səfəri zamanı isə yeni mərhələyə qədəm qoyduğu vurğulanmışdır. Azərbaycanın beynəlxalq tədbirlərin təşkil edildiyi mərkəzə çevrilməsi nəticəsində yaponların da ölkəmizə marağının artdığı, respublikamıza səfərə gələn turistlərin sayının çoxaldığı qeyd edilmişdir. Azərbaycanın Yaponiyada təbliği məqsədilə səfirlik tərəfindən görülən işlər, ölkəmiz haqqında yapon və ingilis dillərində nəşr edilən məqalələr, “İrs-İsan” jurnalının nömrələri barədə də qonaqlara ətraflı məlumat verilmişdir.
Qeyd edilmişdir ki, Bakının Səbail, Xətai, Suraxanı, Yasamal, həmçinin Ağcabədi, Masallı, Şabran, Qəbələ, Qusar, Yardımlı rayonlarının və Şəki şəhərinin icra hakimiyyətlərinin başçılarından ibarət nümayəndə heyətinin Yaponiyaya ilk səfəri iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə imkan yaradacaq, regional əməkdaşlığın inkişafına və faydalı təcrübə mübadiləsinə töhfələr verəcəkdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarətmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov Yaponiyadakı səfirliyimizin fəaliyyətinin yüksək səviyyədə qurulduğunu qeyd etmiş, səfərin təşkilində göstərilən köməyə görə təşəkkürünü bildirmişdir. Vurğulamışdır ki, Azərbaycanın icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyətinin Yaponiyaya ilk səfəri səmərəli olmuş, səfər çərçivəsində yerli idarəetmə sistemi ilə yaxından tanış olmaq, mövcud təcrübədən faydalanmaq və ikitərəfli regionlararası əməkdaşlığı gücləndirmək kimi vəzifələr uğurla icra edilmişdir. Həm paytaxt Tokionun rayonlarının, həm də Yaponiyanın digər şəhərlərinin, o cümlədən şəhərsalmada yaxından iştirak edən şirkətlərin rəhbərləri ilə keçirilən görüşlər, verilən məlumatlar, Azərbaycan nümayəndə heyəti üçün faydalı olmuşdur və Yaponiyanın müasir şəhərlərin idarə edilməsi sahəsində təcrübəsi bundan sonrakı fəaliyyətdə nəzərə alınacaqdır. Nümayəndə heyətinin rəhbəri vurğulamışdır ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi böyük diqqət və qayğı Azərbaycanın yaşayış məntəqələrinin müasirləşməsində mühüm rol oynayır və onların idarə olunması zamanı dünyanın ən qabaqcıl təcrübələrinin tətbiqinə geniş imkanlar açır.
Yaponiyadakı Azərbaycan diasporunun nümayəndələri ilə də görüşdən məmnunluğunu ifadə edən H.Mövsümov bu gündoğar ölkədəki azərbaycanlıların əsasən ziyalı təbəqəsinə mənsub olmasının, müxtəlif şirkətlərdə uğurla çalışmasının qürurverici olduğunu vurğulamışdır. Bildirmişdir ki, bu, dövlətimizin başçısının neft kapitalını insan kapitalına çevirmək istiqamətində siyasətinin uğurlu nəticələrindən biridir. Məhz bu siyasət nəticəsində gənclərimiz yalnız Yaponiyada deyil, eyni zamanda dünyanın digər inkişaf etmiş ölkələrində də Azərbaycanı layiqincə təmsil edirlər.
Nümayəndə heyətinin rəhbəri həm səfirliyin əməkdaşlarına, həm də diasporumuzun bu gündoğar ölkədəki üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio

Keçidlər