Torpaq su ilə qovuşanda bolluq, bərəkət, qan ilə qovuşanda Vətən adlanır!
Günlərdir qeyd etdiyimiz qələbə ordu və xalqın birliyinin qələbəsidir. Güclü ordumuzun, mərd, igid əsgərlərimizin qələbəsidir. Hər bir ölkə müasir silahlara, güclü artilleriyalara sahib ola bilər. Amma qorxmaz, vətənpərvər, igid oğullar hər xalqa nəsib olmaz! Torpaq su ilə qovuşanda bolluq, bərəkət, qan ilə qovuşanda Vətən adlanır! Bu gün həmin oğulların sayəsində azad, müstəqil və bütöv Vətənimiz var!
Azərbaycan xalqı öz torpaqlarını güclü ordusunun, şəhidlərimizin qanı, xalqın birləşərək dəmir yumruğu hesabına düşməndən azad etmişdir. İllərdir davam edən bu danışıqlar müddətində bir sıra ölkə başçıları və beynəlxalq təşkilatlar məsələnin həllinin çətin olduğunu bildirsələr də, Ali Baş Komandanın inamı nəticəsində biz həmin möhtəşəm qürur hissini, qələbə hissini yaşadıq! Biz 30 illik həsrətə son qoyduq!
Qarabağ münaqişəsinin bu qədər uzun sürməsinin əsas səbəblərindən biri də beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin həyata keçirilməməsi olmuşdur. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu? BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü öz imkanlarından, potensialından istifadə edə bilmədi ki, ermənilər çıxmağa məcbur olsun?! Onlar bacarmadı, yoxsa istəmədi?!
Uzun illərdir nəticəsiz qalan fəaliyyətləri və ya daha doğrusu fəaliyyətsizlikləri ilə münaqişənin 30 ilə yaxın müddətdə uzanmasına və bu illər ərzində Qarabağımızda istər tarixi, istər mədəniyyət nümunələrimizin ermənilər tərəfindən talanmasına, məhv edilməsinə, yüz minlərlə insanın yurd yuvasından ayrı qalmasına səbəb olmuşlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Minsk qrupunun həmsədrləri ilə görüşündə, “Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Beləliklə, Azərbaycan bu məsələni özü həll etmişdir. Biz Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik” deyə bildirmişdir.
Azad olunmuş torpaqlarımızda yaşayan hər bir vətəndaşın təhlükəsizliyi dövlət tərəfindən təmin olunur. Düşmən tərəfindən dağıdılmış, yerlə yeksən olunmuş, hətta tarixi saxtalaşdırılaraq dəyişdirilmiş tarixi memarlıq abidələr də bərpa ediləcəkdir. Biz öz torpaqlarımızı geri aldıq və istədiyimizə nail olduq. Bizim heç kəsin torpağında gözümüz yoxdur.
Biz öz torpaqlarımız üstündə vuruşduq, Şəhidlər verdik və nəticədə qələbə qazandıq.
Biz haqq yolundayıq, haqq yolunda savaşdıq və qalib gəldik!
Biz Qarabağı yenidən quracağıq, ora can verəcəyik, yeni həyat, yeni nəfəs gətirəcəyik!
118 saylı tam orta məktəbin tarix müəllimi Osmanova Gülər