Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqı yeni yazdığı zəfərlə tarixin parlaq səhifələrində yer tutur

13 dekabr 2020 | 16:00

“Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir”. Heydər Əliyevin biz gənc nəslə qoyub getdiyi dəyərli nəsihəti...
Azərbaycan xalqı yeni yazdığı zəfərlə tarixin parlaq səhifələrində yer tutur. Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq. Azərbaycan xalqı milli tarixin ən möhtəşəm səhifəsini yaşayır.
Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilmişdi.
Türk komandaları 101 ildən sonra yenə də Bakıdadır, onlar bugün Türk dövlətinin əhəmiyyətli hərbi, texniki, siyasi və diplomatik dəstəyi ilə Azərbaycan ordusunun  Qarabağda qazandığı qələbəni birgə qeyd etmək üçün hərbi paradda iştirak ediblər!
Allah qorusun mehmetcikləri, əsgərləri  və zabitləri, həmişə birgə zəfər yürüşünə çıxsınlar! Yolları açıq və aydın olsun! Həmişə döyüşlərdən qələbə müjdəsi ilə qayıtsınlar!
Qardaş Türkiyə həmişə bizə dəstək olub və olacaqdır!!! Biz də Türkiyəyə öz minnətdarlığımızı bildiririk! Hətta bu yaxınlarda belə Türkiyəyə vizasız gedib, gələ biləcəyik! Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. O demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk.
Dünya tarixi həqiqətləri bilməlidir. Dağlıq Qarabağ münaqişəsinə son qoyulub! Vətən müharibəsi başa çatıb! Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, işğalçılar torpaqlarımızdan qovuldu! Dövlət başçımızın siyasəti nəticəsində ölkəmiz regionun ən nüfuzlu ölkəsinə çevrildi!
Hərbi uğurumuzu bərkidən amil uzun illər ərzində davam etdiyimiz diplomatik mübarizəmizdir. Bu gün, müharibə başa çatdıqdan sonra və hətta müharibə dövründə bütün dünya, bütün Azərbaycan xalqı gördü ki, bunun nə qədər böyük əhəmiyyəti var idi. Əgər biz münaqişənin həlli üçün lazımi hüquqi baza yaratmasaydıq, bu gün problemlərlə üzləşə bilərdik. Biz bütün beynəlxalq təşkilatlarda ədaləti, beynəlxalq hüququ tanıyan, əks etdirən qərar və qətnamələr qəbul etdirdik.
Azərbaycan səbirli və qəhrəman xalqdır! Azərbaycan ordusu savaş meydanında öz qanları, öz canları bahasına 30 il əsarətdə olan Dağlıq Qarabağı işğaldan azad etdi!
Azərbaycanın tarixində yeni səhifə başlanır. Bu gün böyük qürür hissi ilə deyə bilərik ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan ordusuna! Yaşasın Azərbaycan!

Suraxanı rayonu Etibar Cəfərov adına 118 nömrəli məktəbin müəllimi Sinarə Məmmədova

Keçidlər