Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyada səfərdə olan Azərbaycan nümayəndə heyəti yapon şəhərlərinin şəhərsalma, infrastrukturun təşkili, inkişaf və təhlükəsizlik sahəsində təcrübəsini öyrənir

06 iyun 2014 | 15:00

Tokio, 5 iyun (AzərTAc). Yaponiyada səfərdə olan Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti bu Gündoğar ölkənin şəhərsalma, infrastrukturun təşkili, inkişaf və təhlükəsizlik sahələrində təcrübəsini öyrənmək, regional tərəfdaşlığı inkişaf etdirmək məqsədilə iyunun 5-də Kansay regionuna gəlmişdir.
Nümayəndə heyəti həmin regionun qədim tarixə malik Kioto və müasir, təhlükəsiz infrastrukturu ilə seçilən Kobe şəhərlərində bir sıra görüşlər keçirmişdir.
Kobe şəhər meriyasında təşkil olunmuş görüşdə merin müavini Toşiro Tamada qonaqları Azərbaycan dilində salamlamış, şəhərin planlaşdırılması, yenidənqurma və təhlükəsiz infrastrukturun təşkili barədə əldə edilmiş təcrübədən danışmışdır. Azərbaycan regionlarının sürətli inkişafı barədə məlumatlı olduqlarını diqqətə çatdıran merin müavini Azərbaycan rayonları ilə regional tərəfdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirmişdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov çıxış edərək ölkəmizin son illər əldə etdiyi uğurlardan danışmışdır. Regionun lider ölkəsinə və dünya dövlətlərinin etibarlı tərəfdaşına çevrilmiş Azərbaycanın Avropanın enerji təminatında mühüm rol oynadığı xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları nəticəsində Azərbaycanın rayonları da sürətlə böyüyür, gözəlləşir. Kobe şəhərinin 1995-ci il zəlzələsindən sonra bərpasına diqqət çəkən H.Mövsümov sürətli, keyfiyyətli və təhlükəsiz şəhərsalma təcrübəsinin Azərbaycan tərəfi üçün də maraqlı olduğunu qeyd etmişdir.
Görüşdə Kobe şəhəri ilə Azərbaycanın rayonlarından biri arasında dostluq sahəsində əməkdaşlıq müqaviləsinin imzalanması barədə müzakirələr aparılmışdır.
Azərbaycan nümayəndə heyəti Kobe şəhərinə səfəri çərçivəsində ölkəmizdə həyata keçirdiyi layihələrlə yaxşı tanınan “Shinyei” şirkətində də olmuşdur. Şirkətin prezidenti Koci Ono Azərbaycan nümayəndə heyətini Kobedə salamlamaqdan məmnun olduğunu bildirmişdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri H.Mövsümov şirkətin ölkəmizdə fəaliyyətinin yüksək qiymətləndirildiyini, onun şəhər infrastrukturunun qurulması, təhlükəsizlik, kənd təsərrüfatı və qida sənayesi sahələrində təcrübəsinin Azərbaycan üçün də maraqlı olduğunu diqqətə çatdırmışdır. Şirkətin şəhərsalma təcrübəsi nəzərə alınaraq, Azərbaycanda reallaşdırılması planlaşdırılan “Ağ şəhər” layihəsində iştirakının hər iki tərəf üçün faydalı olacağı bildirilmişdir.
Bakı şəhər Xətai rayonu İcra Hakimiyyətinin başçısı Razim Məmmədov “Ağ şəhər” layihəsi haqda nəşrləri “Shinyei” şirkətinin prezidentinə təqdim etmişdir.
Şirkətin azərbaycanlı əməkdaşı Xaqani Məlikov “Kobe şəhərində təhlükəsiz infrastrukturun kompleks həlli” mövzusunda təqdimatla çıxış etmişdir.
Kansay regionuna səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Yaponiyanın keçmiş paytaxtı, tarixi abidələri ilə çoxsaylı turistlərin diqqətini cəlb edən Kioto şəhər meriyasında da olmuşdur. Şəhərin meri Daisaku Kadokava sürətli inkişafı ilə regionun lider dövlətinə çevrilmiş Azərbaycandan gəlmiş qonaqları salamlamaqdan məmnun olduğunu bildirmişdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri ölkəmizin uğurlu inkişafı, rayonların tərəqqisinin təmin olunması məqsədilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları barədə məlumat vermişdir. Azərbaycanın Şəki şəhərinin öz qədimliyi, şəhərsalma ənənələri ilə Kiotoya çox bənzədiyi, bu iki şəhər arasında dostluq və tərəfdaşlıq müqaviləsinin imzalanmasının həm iki ölkə, həm də bu şəhərlər üçün faydalı olacağı qeyd edilmişdir.
İcra hakimiyyətinin başçısı Elxan Usubov Şəki şəhəri haqqında ətraflı məlumat vermiş, iki şəhər arasında imzalanması nəzərdə tutulan dostluq və tərəfdaşlıq mübadiləsi haqqında niyyət protokolunun layihəsini Kioto şəhərinin merinə təqdim etmişdir.
Kioto şəhərinə səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti mədəniyyət və turizm obyektləri ilə tanış olmuş, şəhərin tarixi və görməli yerlərini ziyarət etmişdir.
          
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio

Keçidlər