Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbə sevincini yaşayan, yaşından asılı olmayaraq, hər kəsin dilində “Qarabağ Azərbaycandır” kəlməsi Xalqımızın birliyini və gücünü təzahür edir!

20 noyabr 2020 | 16:00

Qələbə!!!... Altı hərfdən ibarət olan bu sözün içinə sığmayan böyük məna, sevinc, qürur hissləri və bütün ali mənəvi hisslər haqqında saatlarla danışmaq olar.. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirərək, zəfər çaldı və qələbə sevincini Azərbaycan xalqına yaşatdı!
Dövlət başçımızın apardığı uzaqgörən siyasəti müasir Azərbaycan dövlətini güclü və yenilməz edib, eyni zamanda, yüksək vətənpərlik ruhunda yetişən gənclərimiz Azərbaycan ordusunun əsasını təşkil edir. Əlbəttə ki, qətiyyətli Lider və vətənpərvər oğullarımız sayəsində əzəli Azərbaycan torpağı olan Qarabağ düşmən tapdağından azad edildi.
Bu qələbə sevincini yaşayan xalqımızın, yaşından asılı olmayaraq, “Qarabağ Azərbaycandır” dilindən düşməyən kəlməsini hələ də eşitmək nə qədər xoş, o qədər də qüvvətlidir.
Bu gün zəfər günlərini yaşayaraq, Respublikamızın paytaxt və rayon küçələrindəki elektron tablolarında, binaların və evlərin eyvanlarında, butik və mağazalarda, avtomobillərdə, sosial çarxlarda, şəbəkələrdə üçrəngli, aylı-ulduzlu müqəddəs bayrağımızı və bütün xalqın bir ailə kimi qələbə sevincini bir-biri ilə paylaşmasını görmək necə də qürurvericidir!
Tarix yazan Sərkərdə-Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev, xalqın inamını özünə qaytardı, xalqımızın qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Bizim Prezidentimizin və Milli Ordumuzun sayəsində dünya gördü ki, məğlubiyyətlə heç vaxt barışmayan Azərbaycan xalqı öz qələbəsini döyüş meydanında əldə etməyə qadir idi və bunu da etdi.
Qələbələrin memarı-Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu yaxın günlərdə işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfər edib, Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişinin inşasına start verilmiş layihənin icrasının gedişi ilə tanış olub, Qarabağın tacı olan Şuşa şəhərinə aparan əhəmiyyətli yolun təməlinin qoyulması ilə, eyni zamanda Füzuli və Cəbrayıl şəhərləri işğaldan azad olması, Azərbaycanın Dövlət Bayrağının ucaldılması ilə əlaqədar bütün Azərbaycan xalqını təbrik etdilər.
Cənab Prezident, qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda, Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırdı və bu görüntülər Azərbaycanın müasir tarixinin ən möhtəşəm səhifələrindən biridir!
Artıq dünya görür, hansı vəhşi düşmənlə üz-üzə qalmışdıq, işğal edilmiş və işğaldan azad olunmuş torpaqlarda şəhərlərimiz yerlə-yeksan edilib, düşmən bütün infrastrukturu dağıdıb.
Cənab Prezident İlham Əliyevin xalqa müraciətində bildirdi ki, erməni vəhşiliyinə, varvarlığına layiqli cavab veriləcək, torpaqlarımıza tezliklə böyük qayıdış başlayacaq-məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaq, o yerlərdə geniş abadlıq quruculuq tədbirləri həyata keçiriləcəkdir.
Bununla yanaşı, hər bir şəhər üçün xüsusi böyük baş plan tərtib ediləcəyi haqqında Ali Baş Komandanımız tərəfindən müvafiq göstərişlər verilib. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları - bütün infrastrukturun yaradılması, küçələr, parklar, xiyabanların salınması, bütün şəhərlərdə qələbə abidələrin ucaldılması barədə bildirildi.
Doğma Qarabağımıza yenidən həyat qayıdacaq, Azərbaycan xalqı öz multikultural dəyərlərini yenidən yaşadacaq və tolerant inanclarına sadiq qalacaqdır.
Cənab Prezident erməni mifini məhv etdiyimizi, onların bizim qabağımızda diz çökdükləri və onlar bundan sonra bu rəzalət damğası ilə yaşayacaqlarını bildirdi, bizim tarixi qələbəmiz erməni faşizmi üzərində əldə edilmiş qələbə olduğunu söylədi. Biz isə bundan sonra qürur hissi ilə - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi yaşayacağımızı vurğuladı.
Mən tam arxayın olaraq, bütün xalq adından deyə bilərəm ki, biz cənab Prezidentin hər kəlməsinə inanırıq, müdrik və qətiyyətli dövlət Başçımıza birmənalı güvənirik!
Çünkü Vətəni, xalqı üçün çalışan, ürəyi torpaq sevgisi ilə döyünən cənab Prezidentimizin nümunəvi fəaliyyəti, sadəliyi və səmimiliyi danılmazdır; onun müdrikliyi, cəsarəti və vətən sevgisi hər birimiz üçün örnəkdir!
Ümummilli Liderimiz Heydər Əliyevin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” mükəmməl kəlamı bu gün hər bir vətənpərvər Azərbaycan vətəndaşın şüarına çevrilib. Bunun səbəbkarı Ulu Öndərin layiqli davamçısı, Azərbaycan tarixini zəfərlə yazan, Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyev və onun rəhbərliyi altında öz sözünü deyən Milli ordumuzdur!
İgid qəhramanlarımızın - bütün hərbçilərin, yaralı əsgərlərimizin, Şəhid ailələrin qarşısında baş əyirəm!
Həqiqətən də, bu gün hər birimiz daha çox fəxr edirik ki, Azərbaycan torpağının övladlarıyıq və bu qüruru bizə yaşadan və qələbəyə gedən yolda əməyi keçən hər bir kəsə, başda Ali Baş Komandanımız İlham Əliyev cənabları olmaqla, çox minnətdaram!
Unutmaq olmaz və unutmayacayıq ki, Şəhidlərimizin haqqları ödənilməzdir! Canlarını Vətən uğrunda fəda edən Şəhidlərimiz əbədi olaraq qəlblərimizdə yaşayacaqlar!
Yaşasın Azərbaycanımız!

"Suraxanı Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin direktoru Natavan Rüstəmova

Keçidlər